Almaniyada ciddi itki təhlükəsi: Şlotterbek üçün DÇ bitə bilər
21.06.2026 - 14:31
Almaniyada ciddi itki təhlükəsi: Şlotterbek üçün DÇ bitə bilər

Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek ciddi zədə ilə üzləşib.

Apasport.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu DÇ-2026-nın E qrupunun II turunda Fil Dişi Sahili ilə matçın əvvəlində xəsarət alıb.

26 yaşlı müdafiəçi görüşün 13-cü dəqiqəsində topuğundan zədələnib. Şlotterbek fasiləyə qədər ağrıkəsici ilə oyunu davam etdirib, lakin ikinci hissədə onu Antonio Rüdiger əvəzləyib.

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann qarşılaşmadan sonra futbolçunun topuq nahiyəsində bağ zədəsi ala biləcəyini bildirib. Şlotterbekin dəqiq durumu MRT müayinəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Almaniya Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edib. Şlotterbek isə zədəsinin ciddi olacağı halda, dünya çempionatının qalan hissəsini buraxa bilər.