“Turan Tovuz”un braziliyalı legioneri Aleks Souza apasport.az saytına müsahibə verib.
- “Turan Tovuz” “Sabah”la kubok görüşündə məğlub oldu. Sizcə, irəli getməməyinizin səbəbi nə idi?
- Bəli, təəssüf ki, bu oyunda uduzduq. Amma yaxşı oynadıq. Qələbəyə çox layiq idik. Amma alınmadı. Halbuki biz mərhələni adlamağı çox istəyirdik.
- Maraqlıdır ki, ikinci qolu son dəqiqələrdə vurdunuz, amma üstünlüyü qoruya bilmədiniz. Yorğunluq və ya konsentrasiya itkisi səbəbindən idi?
- Qol vurduğumuz üçün şad idik. Amma son dəqiqəyə qədər diqqəti saxlamaq çətin idi. Təəssüf ki, sonda qol buraxdıq və penaltilərə getdik. O qolu buraxmasaydıq, təbii ki, qalib gələcəkdik.
- Penaltilərdən əvvəl nə düşünürdünüz?
- Diqqətimi cəmləmişdim və qalib gələcəyimizə inanırdım. Amma penaltilər lotoreyadır da. Təəssüf ki, bacarmadıq. Halbuki penalti seriyasına biz yaxşı başlamışdıq.
- Denis Marandiçinin zədəsi sizə çox pis təsir etdi. Qoldan sonra onun formasını da göstərdiniz. Yəqin ki, artıq Denisi ziyarət etmisiniz?
- Hamımız üçün oyunu davam etdirmək çətin idi. Mən heç vaxt ayağı sınmış kimsə görməmişdim. Amma diqqətimi cəmləməli və onun üçün oyunu qazanmağı düşünməliydim. Ona görə bu haqda düşünürdük. Denisə isə yalnız uğurlar arzulayıram.
- “Turan Tovuz” üçün avrokuboklara yeganə yol liqadan keçir. İki cəbhədə olmamağınız mənfi, yoxsa müsbət haldır?
- İtirilmiş xalların əvəzini çıxmağa çalışacağıq. Sonra digər yarışlar haqqında fikirləşəcəyik. İndi qarşıdakı turu düşünürük. İstəyirik ki, qələbə qazanaq. İlin son oyunlarında qalib gəlmək çox yaxşı olardı.
- Bu gün “Şamaxı” ilə oynayacaqsınız. Onları məğlub edə bilərsiniz?
- Əlbəttə ki, “Sabah”la görüşdən sonra bu oyuna hazırlaşmışıq. “Şamaxı” ilə matçda qələbə qazanmaq haqda düşünürük. İnanıram ki, “Şamaxı”ya qalib gələ bilərik. Öz azarkeşlərimiz qarşısında oynayacağıq.