Aleksandr Çertoqanov: "Fransaya qarşı oynamaq çox maraqlı olardı"
19.12.2024 - 21:51
Aleksandr Çertoqanov: "Fransaya qarşı oynamaq çox maraqlı olardı"

Əslən Ukraynadan olan, Azərbaycan millisində 50-dən çox oyun keçirmiş Aleksandr Çertoqanov apasport.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq. Üstəlik, digər rəqib isə ya Fransa, ya da Xorvatiya olacaq. Püşkatmanı Azərbaycan millisi üçün uğurlu hesab edirsən?
- Bəli, püşkatmanı izlədim. Azərbaycan millisinin hansı komandalarla eyni qrupa düşdüyünü gördüm. Bilirsiz, yaxşı komandalarla oynamaq hər zaman maraqlıdır. İndi də elədir. Yaxşı komandalarla düşüblər. Azərbaycan millisinə uğurlar arzulayıram.  

- Yeri gəlmişkən, Ukraynada Azərbaycan millisi haqda nə düşünürlər? Səncə, Azərbaycan Ukrayna üçün zəif rəqibdir?
- Xeyr, düşünmürəm ki, Ukraynada Azərbaycan millisi haqda belə fikirlər olsun. Çünki Azərbaycan yaxşı komandadır. Amma istənilən halda, Ukraynanın Azərbaycana qalib gələcəyini də düşünürlər. Hər halda, oyunlar qarşıdadır. Zaman hər şeyi göstərəcək. 

- Sən necə düşünürsən, Azərbaycan Ukraynadan xal götürə bilər? Onları məğlub etmək realdır?
- Açığı, heç bilmirəm. Bunu oyunlar göstərəcək. İndidən nəsə demək olmur. Həmin vaxtlar yaxınlaşanda komandaların durumuna uyğun nəsə fikir bildirmək olar.

- Azərbaycan yığması Millətlər Liqasının D divizionunda iştirak edəcək. Bu cür nəticədən sonra milli oyunçuları seçmə mərhələ matçlarına hansı motivasiya ilə çıxacaqlar?
- O oyunlar artıq geridə qalıb. İndi yeni oyunlar millini gözləyir. Fikrimcə, onlar da qarşıdakı matçları düşünür.Amma düzü, bu haqda geniş, ətraflı nəsə deyə bilmərəm. Bircə onu bilirəm ki, milli komandadır və uşaqların da sona qədər mübarizə aparacağına inanıram. 

- Üçüncü rəqib ya Xorvatiya, ya da Fransa olacaq. Yəqin ki, rəqibin Fransa olmasını istəməzdin? Fransa millisi vaxtı ilə Azərbaycana 10:0 qalib gəlib. Onlar ötən il Cəbəllütariqi 14:0 məğlub edib...
- Bilmirəm. Amma düzü, mənim üçün Fransaya qarşı oynamaq çox maraqlı olardı. Püşkatma belə gətirib çıxarıb. Xorvatiya, ya Fransa olacaq, onu birlikdə görəcəyik. İstənilən vəziyyətdə, millidə oynadığın oyunlarda sona qədər mübarizə aparırsan ki, uğurlu nəticə qazanasan.

- Azərbaycan və Ukrayna yığmalarının oyununda hansı milliyə azarkeşlik edəcəksən?
- Komandaların yaxşı futbol oynamasına azarkeşlik edəcəm. Çünki yaxşı futbol olacağını düşünürəm. Maraqlı matçlar olacaq. Təbii ki, hər iki görüşü də izləməyə çalışacam.

writer photo
Əlirza Əlirzalı
0