Misli Premyer Liqasının XVI turunun "Turan Tovuz" - "Şamaxı" matçından (3:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız panikaya düşdü. Amma uşaqlar xarakter göstərdi. Müvəqqəti çətinlikdir. Daha yaxşı olacağıq".
- Giorgi Kantariya və Adil Nağıyevlə yolların ayrılmasının səbəbi nədir?
- Sosial şəbkələrdə bu mövzu çox gündəm oldu. Hətta deyirdilər ki, "Şamaxı" dağılır. Maddi baxımdan heç bir problemimiz yoxdur. Yaxın günlərdə rəsmi məlumat verəcəyik. İndi onu deyə bilərəm ki, iki futbolçu ilə yollarımızı ayırmışıq. Qarşıda 3 çətin oyun var. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi ki, daha yaxşı olacağıq.
- İkinci hissədə müdafiəyə çəkilməyiniz sizin tapşırığınız idi?
- Rəqib təzyiq etdi. Heyətimizdə gənc futbolçular var. Bəziləri bəlkə də ilk dəfə belə azarkeşin qarşısında oynayırdılar. Penalti olmasaydı, daha rahat ola bilərdik. Təəssüflənirəm. Kuryoz qollar buraxırıq. Bunların öhdəsindən gələcəyik.
- Bu gün Tovuza rəqib kimi gəldiniz. Hissləriniz necədir?
- Tovuzda futbolçu kimi də çıxış etmişəm. Burada oynamaq həmişə çətin olub. Premyer Liqada belə azarkeşi olan komandalara ehtiyac var. Tovuzla bağlı yaxşı xatirələrim olub.
- "Kəpəz" və "Səbail"lə xal fərqi azdır. Bu, komandanın üzərində təzyiq yaratmır?
- Mövsümün əvvəlində də demişəm ki, mübarizə sona qədər gedəcək. O komandalarla eyni səviyyədəyik. İndiki xalımız Premyer Liqada qalmaq üçün pis deyil. Əlbəttə daha yaxşı ola bilərdik. Zədələr, cəzalar, bəzən rəqiblərin yaxşı oyunu nəticəyə təsir edib. Yolumuza davam edəcəyik. Həmin rəqiblərlə hələ iki oyunumuz olacaq.