Misli Premyer Liqasının XVIII turunun "Kəpəz" - "Sumqayıt" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Futbolun yazılmayan qaydaları var. Son matçlarda komanda yaxşı oynayır. Sadəcə qələbə qazana bilmirik. Bu gün meydanda "Kəpəz" var idi. Hər iki hissədə qol epizodlarımız oldu. Çox təəssüf ki, qalib gələ bilmədik. Gələcəyə baxmalıyıq. Bizi qarşıda çox çətin ikinci yarı gözləyir. Qışda yaxşı seleksiya etməliyik".
- Heyətdə kütləvi dəyişiklik gözlənilir?
- Hazırkı büdcəmizlə heyətdə böyük dəyişikliklər etmək mümkün deyil. Sadəcə 3-4 futbolçunu dəyişmək istəyirik. Bu yöndə işlərimiz gedir. Əsasən də qol hissiyyatı olan futbolçular axtarırıq. Bəkə də çempionatda heç kimin bizim qədər qol epizodu olmur. Amma dəyəndirə bilmirik. Buna görə də heyfslənirik.
- "Kəpəz"dəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Altıncı turdan "Kəpəz"dəyəm. İlk 3-4 turda axsamalar oldu. Ondan sonra komanda nə istədiyimizi bilir. Artıq ikinci dövrədə xallar topladıq. Məncə hələ ki, qənaətbəxşdir. Daha yaxşısını etməyə çalışacağıq.
- Braqanın epizodları dəyərləndirə bilməməsinin səbəbi nədir?
- Ustalıqla bağlı olduğunu düşünürəm. Xallar əziyyətlə qazanılır. Braqa bəlkə də ən çox qaçan futbolçudur. Sadəcə ustalıq məsələsi öz sözünü deyir.