Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə
06.12.2024 - 15:32
Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə

“Şamaxı”nın albaniyalı hücumçusu Belajdi Pusi apasport.az saytına müsahibə verib.

- “Şamaxı” ölkə kubokunun 1/8 final mərhələsində “Zirə”yə uduzub. O matçda niyə məğlub oldunuz?
- Pis oyun oynadığımızı düşünmürəm. Yaxşı futbol oynamağa çalışdıq. Lakin bəzi məqamlarda diqqətimiz yayındı. Sonda da qələbəni əldən verdik. Təəssüf ki, belə alındı.

- Komanda artıq neçə oyundur ki, uduzur. Buna səbəb olaraq nəyi görürsən?
- Doğrudur, hazırda ən yaxşı vəziyyətimizdə deyilik. Lakin mümkün qədər tez bir zamanda yaxşı nəticələrə qayıtmaq üçün hər gün çox çalışırıq. İnanıram ki, bunu bacaracayıq. Çünki yaxşı komandayıq.

- “Şamaxı” artıq ölkə kubokunda iştirak etməyəcək. Bunu üstünlük hesab edirsiniz? Çünki siz ancaq Premyer Liqada çıxış edəcəksiniz...
- İndi bütün diqqətimiz 100 faiz Premyer Liqadadır. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Turnir cədvəlində yuxarı qalxmaq üçün xallara ehtiyacımız var. Allah qoysa, bunu reallaşdıracağıq. İlk turlarda uğurlu nəticələr qazanmışdıq. İnanıram ki, yenidən belə olacaq.

- “Şamaxı” qarşıdakı turda ölkə çempionatında “Turan Tovuz”la qarşılaşacaq. Bu matçda qalib gələ biləcəksiz?
- Hər oyun çətindir. Heç bir matç asan keçmir. Amma biz maksimumuzu həmin oyunda qoymalıyıq. Onsuz da, biz istənilən görüşə üç xal üçün çıxırıq. Futboldur, bəzən alınır, bəzən yox. 

- “Turan Tovuz” keçmiş komandandır. Bu, sənin üçün xüsusi matç olacaq?
- Tovuzda çoxlu dostlarım var. Bu mövsüm “Turan Tovuz” yaxşı irəliləyir. “Turan Tovuz”da gözəl xatirələrim var. Denis Marandiçiyə və o cümlədən son günlər ürəyində problem olan İmana şəfalar diləyir, uzun ömür, can sağlığı arzulayıram. Ümidvaram ki, hər ikisinin işləri qaydasına düşəcək. Oyuna gəldikdə, meydana komandamın uğurlu nəticəsi üçün çıxacam. 

- Çoxları düşünür ki, “Şamaxı” belə davam etsə, Premyer Liqanı tərk edə bilər. Siz təhlükə hiss edirsiniz?
- Dediyim kimi, indi yaxşı vaxtımızda deyilik. Hər kəs hər şeyi deyə bilər. Daha yaxşısını edə biləcəyimizə inanıram. “Şamaxı”nın daha yaxşı yerlərdə olmasına çalışacağıq. Komandamıza çox inanıram.

writer photo
Əlirza Əlirzalı
0