Edvin Kuç: “Futbolda bəzən gözlənilməz nəticələr də olur”
30.12.2024 - 16:47
Edvin Kuç: “Futbolda bəzən gözlənilməz nəticələr də olur”

"Mənim idman karyeramın maraqlı başlanğıcı var. Çünki mən uşaq ikən əvvəl futbolla deyil, kikboksinqlə məşğul olmuşam”.

Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Edvin Kuç deyib.

O, klubun televiziyasına müsahibəsində idmana kikboksinqlə başladığını bildirib: “Qonşumuzun kikboksinq klubu var idi. Mən əvvəlcə oraya getdim. Amma sonra valideynlərim kikboksinqin təhlükəli idman növü olduğunu dedilər. Qərar verdim ki, futbola başlayım. Beləliklə, doğrulduğum Roja şəhərində futbol həyatıma start verdim. Artıq ilk məşqdən futboldan böyük zövq aldım. Bu, indiyədək belədir. Əminəm ki, bu, heç vaxt bitməyəcək”.

O, “Neftçi”yə qədər olan karyerasından bəhs edib: “Erkən yaşlarımda doğulduğum şəhəri tərk edərək müxtəlif klublarda çıxış etdim. Sonra isə Bosniya və Heseqovinaya getdim və 4 ildən çox orda oynadım. İndi isə burdayam”.

Edvin Bakı barədə də fikirlərini bildirib: “Bakı ilə bağlı yalnız müsbət sözlər deyə bilərəm. Bu klub, bu şəhər, burdakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, bura uyğunlaşmağa yardımçı olurdular. Bu, doğrudan da gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacam. Artıq 5 aydır Bakıdayam. Bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmdəkinə oxşardır. Ailəm də mənimlə həmfikirdir. Onlar Bakını və Azərbaycanı çox sevirlər. Təkcə bir şeyi bəyənmirəm. O da tıxaclardır. Yəqin bunu heç kim bəyənmir”.

Monteneqrolu yarımmüdafiəçi uşaqlarının futbolçu olması ilə bağlı sualı da cavablandırıb: “Düzünü desəm, övladlarıma doğulandan bəri heç bir təzyiq göstərməmirəm. Onları sərbəst buraxıram. Özləri nəyi sevirlərsə, ona da qərar vermələrini istəyirəm. Ümid edirəm ki, idmana maraqları olar. Çünki bu, həm də sağlamlıqdır. Mən buna yalnız dəstək olaram”.

Legioner ölkəmizdə titul qazanmaq arzusunu dilə gətirib: “Menecerimlə danışarkən “Neftçi”nin mənimlə maraqlandığını dedi. Maraqlı gəldi. Çünki klub barədə məlumatım var idi. Ümumiyyətlə, ölkəmdə “Neftçi”ni tanıyırlar. Bilirlər ki, buranın ən böyük klubudur və zəngin tarixə malikdir. Mən də “Balkani” ilə müqaviləmi titul qazanaraq bitirdim. İstəyirəm ki, burda da titul qazanım. Futbolda bəzən gözlənilməz nəticələr də olur. Ümid edirəm ki, biz “Neftçi”ni tezliklə uğurlu dönəminə qaytaracağıq. İnanırıq ki, Azərbaycan futbolunda, həmçinin Avropa turnirlərində “Neftçi”yə uğurlar qazandıracağıq”.

Kuç “Neftçi”ni ilk dəfə gördüyü dövrü xatırlayıb: “Burada olan həmyerlilərimlə əlaqə saxladım. Onlar mənə klub barədə yalnız yaxşı sözlər dedilər. “Neftçi”nin oyununu əvvəllər izləmişəm. Səhv etmirəmsə, 2015 və ya 2016-cı il idi. “Neftçi” Podroritsanın “Mladost” klubu ilə qarşı oynayırdı. Bakıdakı oyun 2:2 hesabı ilə bitmişdi. Cavab oyununu tribunalardan izləyirdim. “Mladost” son dəqiqələrdən qol vurdu və növbəti mərhələyə adladı. Həmin ərəfədə “Mladost”la razılaşmışdım. Oyundan sonra klubla müqavilə bağladım. Həmin ildən “Neftçi” barədə məlumatım var idi”.

O, “Balkani”ni “Neftçi”yə dəyişməsindən danışıb: “Balkani”dən ayrılmaq mənim üçün çətin idi. Çünki orada 6 ilə yaxın oynamışam. Klubun tarixi mövsümlərinin bir parçası olmuşam. Doğrudan da komanda yoldaşlarım yeni heyətlə böyük uğurlara imza atmışdıq. Komandanın kapitanı idim. Amma futbolda bəzən belə olur. Yeni çağırışlar axtarışında idim. İstəyim o idi ki, gələcəkdə “Neftçi” ilə də böyük uğurlara nail olum. Hər liqanın özünəməxsus futbol mentaliteti var. Mənim üçün əsas odur ki, həm ölkəyə, həm kluba, həm xalqa, ümumi futbol ənənəsinə adaptasiya sürətli olsun, özümü meydanda daha rahat hiss edim. Həqiqətən də “Neftçi” karyeramda böyük klubdur. Əlbəttə, burada yalnız qələbə qazanmalıyam. Bu normaldır, çünki top-klubuq. Hədəflər yüksəkdir. Gələcəkdə bu hədəflərə çatacağıq. Çıxış etdiyim liqalarla Azərbaycan çempionatı arasında fərq görmürəm. Son komandam “Balkani”də qazandığım titulları burada da təkrarlamaq istəyirəm”.

Edvin baş məşqçi Samir Abasovu da tərifləyib: “Hər məşqçinin öz planı, öz ideyaları olur. Amma Samir Abasov çox maraqlı baş məşqçidir. Onun futbol biliyi və enerjisi çoxdur. Bu da əbəs deyil. O, futbolçu kimi də bu klubda oynayıb. O, klubu, futbolçuları yaxşı tanıyır. Bu, titul qazanmaq yolunda çox önəmlidir. Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacağıq. Ən çox Filip Ozobiçlə dostluq edirəm. Çünki biz demək olar eyni dildə danışırıq. O, mənə çox kömək edir. Ümumiyyətlə isə komandada hamı mehribandır. Hamı ilə münasibətim yaxşıdır. Təsəvvür edə bilməzsiz ki, biz hamımız necə çox çalışırıq. Bir-birimizə yardım edirik və istəyirik ki, top mövqeyə qayıdaq. Nəticələr gəldikcə, daha yaxşı olacaq. İndiki məqamda nə isə demək çətindir. Bu, futboldur. Bəzən gözlənilməz nəticələr olur. Futbol sanki həyatın bir parçasıdır. “Balkani”də başqa cür idi. Təzyiq bu səviyyədə deyildi. Qələbələri daha rahat qazanırdıq. Bura gələndə “Neftçi”nin tarixini və böyüklüyünü bilirdim. Anlayıram ki, burada hər mövsüm ancaq titul üçün döyüşməlisən. Tək mən yox, bura kim gəlibsə, eyni şeyi bilib. Bəzən oyunda səhvlər etdik, bunu geri qaytarmaq mümkün olmadı. Bundan sonrasının yaxşı olması və mövsümü xilas etmək üçün daha çox çalışmalıyıq, həmçinin pozitiv olmalıyıq”.

Kuç azarkeşlərə də toxunub: “Bura gələndə televiziya kanalına müsahibə verərkən azarkeşlərə təşəkkürümü bildirdim. Çünki onlar möhtəşəmdir. Klubdakı hər kəsə təşəkkür edirəm. Mən zədələnəndə çox dəstək oldular. Açığı, gözləmirdim. Amma hamı mənə dəstək idi. Azarkeşləri görəndə bu klubun nə qədər böyük olduğunu anlamaq olur. Neqativ nəticələrə baxmayaraq yanımızda oldular. Futbola lazım olan şeylərdən biri də azarkeşlərdir. Xoşbəxtik ki, bizim böyük, çılğın azarkeşlərimiz var. Təkcə azarkeşlər və futbolçular deyil, burda işləyən hər kəs “Neftçi”ni sevir. Məğlub olanda məyus olur, qələbə qazananda birlikdə qeyd edir”.

writer photo
Əlirza Əlirzalı
0