Elmar Baxşıyev: “Gənc oyunçuları çox reklam etməyək”
03.12.2024 - 18:59
Elmar Baxşıyev: “Gənc oyunçuları çox reklam etməyək”

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Araz-Naxçıvan" - "Mingəçevir" matçından (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

"Düşünürdük ki, fərqli olacaq. 1/8 final mərhələsi bir oyundan ibarətdir. Az oynayan futbolçulara şans vermək istəyirdik. Komandanın yanaşması məni sevindirir. Yolumuza davam edirik".

- Bəzi futbolçuları oyundan sonra məşqə göndərdiz. Bunun səbəbi nədir?
- Oynamayan futbolçular da oyun yükünü almalıdır. Plan üzrə nə var idisə, onu da icra edirdilər.

- Gənc oyunçulardan müsbət mesaj verənlər oldu?
- Mesaj bir oyunla verilmir. Bu, uzunmüddətli prosesdir. Mustafa Əhmədzadəni nümunə kimi göstərə bilərik. Mənim xahişim budur ki, gənc oyunçuları çox reklam etməyək, onları rahat buraxaq. İnkişafın ilkin mərhələsindədirlər, onları yoldan çıxarmaq asandır. Potensiallı futbolçularımız var. Yaxşı səviyyəyə çatmaq üçün daha artığını etməlidirlər.

- "Araz-Naxçıvan"ın heyəti həm kubokda, həm çempionatda mübarizə aparmağa imkan verir?
- İndiki durumda hələ ki transfer haqda fikirləşmirik. Əlbəttə ki, hər iki turnirdə mübarizə aparmaq üçün maksimum çalışmaq lazımdır.

- Növbəti mərhələdə "Zirə" və "Şamaxı"dan hansı ilə qarşılaşmaq istəyirsiniz?
- Tam səmimi deyirəm, heç kimi düşünmürük. Qarşıdakı "Səbail"lə oyunu düşünürük.

writer photo
Əlirza Əlirzalı
0