Fərid Qayıbov: "Uşaq futboluna investisiya yatırmalıyıq"
27.12.2024 - 12:31
Fərid Qayıbov: "Uşaq futboluna investisiya yatırmalıyıq"

"Uşaq futboluna investisiya yatırmalıyıq".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Fərid Qayıbov idmanın inkişafında uşaqların ciddi rol oynadığını vurğulayıb: 

"Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil etmişik. Sonuncusu Qubada reallaşdı. Əfsuslar olsun ki, Özbəkistanın 15 yaşlılardan ibarət komandası bizim klublara qalib gəldi. Artıq başa düşdük ki, özbək futbolu 15 yaşlılar arasında bizi üstələyir. Digər yarışda Belarusun U-15 komandası qalib gəldi. Amma görürük ki, yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır. Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq. Son illər “Qarabağ”da Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Onlar 3-4 ilin içində inkişaf etdilər. Nəriman da son oyunlarda daha çox şans qazanır. Elvin isə Avropanın güclü liqalarında rahat oynaya bilər. Böyük potensialı var. Beynəlxalq təcrübə qazandıqca, inkişaf edirlər. Futbolda görüləsi işlərimiz çoxdur. Daha çox yarış keçirilməli və uşaq futboluna investisiya yatırmalıyıq. Biz öz növbəmizdə bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır. Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalarımız var. Amma biz bunu tək bacara bilmərik. Bunun üçün sponsorlar olmalıdır. Tutaq ki, hansısa stadionu əsaslı təmir etdik. Orada oynayacaq komanda olmalıdır. Üstəlik, arenanın baxımı da var. Düzdür, artıq II Liqamız da var. Üç-dörd il əvvəl bu, yox idi. Müəyyən irəliləyişlər var. Təbii ki, azarkeşlər kimi, biz də yığmamızın ən azı qonşu Gürcüstan kimi nəticələr əldə etməsini istəyirik. Amma klub səviyyəsində biz onlardan üstünük. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq, milli komanda üçün səviyyəli futbolçular yetişsin. Əsas odur ki, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var. Bütün federasiyalara da demişik, onlar da öz strategiyalarını bitirirlər. Hətta bəziləri bu prosesi başa çatdırıblar. Artıq futbolda da strategiyanı yazmağa başlayıblar. Strategiya ona görə vacibdir ki, nə istədiyimizi bilək".

writer photo
Əlirza Əlirzalı
0