“Neftçi”nin veteran qapıçısı Hüseyn Məhəmmədov apasport.az saytına müsahibə verib.
- “Neftçi” mövsümün ilk yarısında 8-ci pillədə qərarlaşdı. Komandanın bu uğursuz çıxışı barədə hansı fikirdəsən?
- "Neftçi" mövsümə yaxşı başlamasa da, mövsümün qalan hissəsində nəticə göstərmək üçün çalışacaq. Görünən odur ki, yeni transferlər edəcəklər. Yəqin ki, "Neftçi" həm kubokda, həm də liqada avrokuboklar uğrunda mübarizə aparacaq. İnanıram ki, bu yöndə çox dəyişiklik olacaq. Çünki Samir Abasovun gəlişindən sonra komandada ən azından canlanma var. Komandanı kökləyir ki, "Neftçi" nəticə göstərsin. Bunu görmək mümkündür. Əllərindən gələni edəcəklər ki, avrokuboklara vəsiqə qazansınlar.
- “Neftçi” mövsümün ikinci yarısında geridönüş edib uğurlu nəticələr qazana bilər?
- İkinci hissədə geridönüş etmək üçün Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq. Müəyyən mövqelərə futbolçu cəlb edəcəklər ki, komanda nəticə göstərsin və avrokuboklara yollansın. Futbolda həmişə gözlənilən və gözlənilməyən nəticələr baş verir. "Neftçi"nin ad-sanı, nüfuzu var. Paytaxt klubu "flaqman"dır. Bu yöndə məsuliyyəti başa düşərək addımlar atacaqlar.
- “Neftçi"də qapı öncə Rza Cəfərova tapşırıldı, daha sonra kapitanlıq sarğısı ona verildi. Amma sonradan qapı xətti Emil Balayevə əmanət edildi. Bu dəyişiklik barədə fikrin necədir? Səncə, qapıda Rza, yoxsa Emil daha yaxşıdır?
- Rza gənc qapıçıdır, uzun müddətdir, əsas heyətdə çıxış edirdi. Emil Balayev də zədədən əziyyət çəkirdi, yeni qayıdıb. Samir Abasov ona şans verdi. Rzaya da rəqabətin olduğunu göstərdi. Emil də təcrübəli qapıçıdır. Hər ikisi "Neftçi" üçün lazım olan qolkiperlərdir. Hər ikisi məsuliyyəti başa düşür. Çalışacaqlar ki, əsas heyətdə öz yerlərini qorusunlar. Kapitanlığa gəldikdə, hər ikisi də məsuliyyətini anlayır. Emil daha təcrübəlidir. Uzun illərdir ki, qapıçı kimi həm daxili çempionatımızda, həm də legioner həyatı yaşamış biridir. Məşqçi tərəfindən kapitanlıq sarğısının onlara verilməsində məqsəd odur ki, komanda yoldaşlarına öz göstərişlərini versinlər. Hər ikisi bunu doğrultmağa çalışacaq.
- Səncə, ölkə kuboku nə dərəcədə realdır? Yoxsa "Neftçi"nin ona da gücü çatmaz?
- Avrokuboklar üçün kuboku qazanmağa çalışacaqlar. Niyə də olmasın? İnanıram ki, kuboku qazana bilərlər. Məsuliyyət böyükdür, "Neftçi" həmişə avrokuboklarda iştirak etmiş, çempionluq yaşamış, adlı-sanlı komandamızdır. Hər bir futbolçu bunun məsuliyyətini başa düşərək kuboku qazanmağa çalışmalıdır. Ya da liqada yaxşı yerlərə düşmək uğrunda mübarizə aparmalıdır.
- Yeni sezondan legioner limitinin ləğv ediləcəyi gözlənilir. Necə düşünürsən, bu "Neftçi"yə necə təsir edəcək? Səncə, limit məsələsi yığışdırılarsa, "Neftçi" daha güclü görünəcək?
- Vallah bilmirəm, dəqiq deyə bilmərəm. Limitlə bağlı mən bilən heç bir klub çətinlik çəkməyəcək. Yəqin ki, hər bir komanda üçün yerli futbolçunun olması lazımdır, olacaq da, oynadacaqlar da. O demək deyil ki, limit olmasa, şans az olacaq. Hər bir futbolçu öz mövqeyi uğrunda mübarizə aparacaq və çalışacaq ki, əsas heyətin oyunçusu olsun.