“Karvan” çempionatdan kənarlaşdırılıb
20.12.2024 - 13:38
“Karvan” çempionatdan kənarlaşdırılıb

AFFA 10 kluba texniki məğlubiyyət verib, “Karvan”ı çempionatdan kənarlaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Karvan” – “Laçın” oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Karvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.

AFFA U-13 Liqasında keçirilməli olan “Şağan” – “Sumqayıt City” oyunu meydan sahibləri təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Şağan” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-13 Liqasında daha iki komanda eyni cəzaya məruz qalıb. Belə ki, “Paralimpiya İdman Kompleksi” – “Ələt” oyunu meydan sahiblərinin, “Polad” – İOEUGİM matçı isə qonaqların təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Nəticədə hər iki komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-13 qızlar Liqasında isə 5 komandaya texniki məğlubiyyət verilib. Belə ki, “Ulduz”- “Xan Lənkəran” matçı qonaqların, “Çinar” - “Mil-Muğan” görüşü meydan sahiblərinin təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən hər iki komanda cəzalandırılıb. Üç komanda - “Dinci”, “Ulduz” və “Zaqatala City” isə Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə texniki məğlubiyyətlə cəzalandırılıb.

Daha bir texniki məğlubiyyət AFFA U-17 Liqasında iştirak edən “Araz-Naxçıvan” komandasına verilib. Buna “Qəbələ” ilə matçda protokolda adı yazılmayan futbolçunun meydana çıxması səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0