Nazim Məmmədzadə: "Azərbaycan Premyer Liqası Latviya çempionatından səviyyəlidir"
11.12.2024 - 17:36
Nazim Məmmədzadə: "Azərbaycan Premyer Liqası Latviya çempionatından səviyyəlidir"

Legioner həyatı yaşayan azərbaycanlılardan olan Nazim Məmmədzadə apasport.az saytına müsahibə verib. Son olaraq Latviyada “Qrobinya” klubunda oynamış yarımmüdafiəçi gələcək karyerası haqda danışıb.

- Latviyanın "Qrobinya" klubundan ayrıldıqdan sonra yəqin ki, hazırda da azad agentsən... Latviya karyeranı uğurlu hesab edirsən, yoxsa necə?
- Bəli, hazırda azad agent statusuna malikəm. Oradakı vaxtımı uğurlu hesab edirəm. Çünki oynadığım oyunların hamısını demək olar ki, start heyətində çıxmışam. Bu mənada, uğurlu saymaq olar. Hansı rəqibə qarşı oynadığımıza baxmayaraq, ən yaxşısına çalışmışam. "Qrobinya"da çıxışımı uğurlu hesab edirəm.  

- Maraqlıdır ki, bütün oyunlarda meydana çıxdın, oynadın. Belə olan halda, Latviyanın daha güclü klubuna keçəcəyini gözləmək olardı. İndinin özündə Latviya klubundan təklif almısan?
- Düzünü desəm, mən də elə fikirləşirdim. Amma hələ ki, heç bir təklifim yoxdur. Formada qalmaq üçün məşq edirəm və mənim üçün uğurlu sayılacaq təklifi gözləyirəm. Menecerim bu yöndə danışıqlar aparır. Yəqin ki, yaxınlarda konkret bir şeylər olacaq. Təbii ki, ölkə xaricində oynamağı, yenidən legioner həyatı yaşamağı çox istəyirəm. Hər halda, gələcək təklfidən çox şey asılı olacaq.

- Ümumiyyətlə, sənin özün üçün Latviyada qalıb oynamaq maraqlıdır? Yəni belə təklif gələcəyi təqdirdə, karyerana Latviyada davam edəcəksən?
- Əslində, düzünü deyim mənim üçün ölkə fərqi yoxdur. Əsas odur ki, məni istəyən komanda Super Liqa təmsilçisi olsun. Həm də, klub mənimlə yaxından maraqlansın. Latviyadan belə bir təklif gələrsə, ora qayıdaram. Çünki Super Liqada oynamaq istəyirəm. Hər halda, yüksək liqa təmsilçisində çıxış etmək həmişə maraqlı olur.

- Latviya və Azərbaycan futbolu arasında hansı fərqlər var? Aydındır ki, Latviya klublarında çox da maliyyə yoxdur. Amma futbolçu sarıdan səncə latviyalılar daha istedadlıdır, yoxsa azərbaycanlı futbolçular?
- Məncə, bizim yerli futbolçularımız daha keyfiyyətlidirlər. Latviya futbolçularına baxanda, bizdə istedadlı futbolçuların sayı daha çoxdur. Hər halda, həm Latviyada, həm də Azərbaycanda futbolçular daha yaxşı olmaq üçün çalışır.

- Bəs, bu iki ölkənin liqaları arasında hansı fərqlər var? Latviya çempionatını bizim liqadan zəif hesab etmək olar?
- Fikrimcə, Azərbaycan Premyer Liqası Latviya çempionatından daha səviyyəlidir. Bilirsiz, bizdə klubların maliyyəsi oradakılardan daha üstündür. Klublarımız Azərbaycana daha keyfiyyətli legionerlər gətirə bilirlər. Bu da çempionata, liqanın səviyyəsinə öz təsirini göstərir.   

- 24 yaşın olsa da, artıq üç ölkədə: İspaniya, Şimali Makedoniya və Latviyada legioner həyatı yaşamağa müəssər olmusan. Latviyada qalmaq alınmasa, növbəti dayanacaq hara olacaq? 
- Əlbəttə ki, hər bir ölkənin öz mentaliteti var. Uyğunlaşma prosesi yenə də lazımdır. Ancaq indi özümü daha təcrübəli hiss edirəm. Dil baxımından da problemim yoxdur, bir neçə dil bilirəm. Hər halda, gedəcəyim ölkədə şans tapacamsa, əsas heyətdə daimi oynamaq istəyirəm. Yəni əsas məsələ oynamaqdır. Dil və uyğunlaşma məsələsini keçdikdən sonra hansısa problem yoxdur. Legioner həyatı yaşamağı bəyənirəm. Karyeramın gələcəkdə harada davam edəcəyini isə təkliflər müəyyənləşdirəcək.

writer photo
Əlirza Əlirzalı
0