Paçu: "Flamenqo"ya getməklə Juninyo düzgün seçim etdi"
15.01.2025 - 18:19
Paçu: "Flamenqo"ya getməklə Juninyo düzgün seçim etdi"

“Kəpəz”in hücumçusu Paçu Lira apasport.az saytına müsahibə verib. 

- “Kəpəz”in qış hazırlığı necə gedir? Hər şey sizi razı salır, yoxsa narazı qaldığınız məqam var?
- Təbii ki, hazırlığımız çox yaxşıdır. Yaxşı işlər görürük, hazırlaşırıq. Təbii ki, mövsümün ilk yarısından sonra istirahət etməli idim. Ailəmlə birlikdə istirahət etdim. Ancaq indi işimə qayıtmalıyam və çox hazırlaşmalıyam. 

- Yoxlama matçında “Qarabağ”la qarşılaşdınız və 1:5 hesabı ilə məğlub oldunuz. Həmin görüş necə keçdi? Yoldaşlıq oyunu olsa da, sizcə, yaxşı oynaya bildinizmi?
- “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Amma bu bizim üçün yaxşı oyun idi. Təbii ki, fiziki durumumuzu inkişaf etdirmək üçün yaxşı oyun oldu. Maraqlı görüş idi. Hər halda, yoldaşlıq görüşləri zamanı əsas olan nəticə yox, hazırlıqdır.

- Bu görüşdə Juninyo meydana çıxmadı. Yeri gəlmişkən, “Qarabağ”ın hücumçusu Juninyo Olavio “Sevilya”ya və ya "Flamenqo"ya keçəcəkdi. Amma o, sonda “Flamenqo”nu seçdi. Misli Premyer Liqasından ölkənizin “Flamenqo” klubuna keçmək böyük addımdır? Belə bir şansının olmasını istəyərdin yəqin...
- Bəli, Juninyo özünü “Qarabağ”da çox yaxşı tərəfdən göstərmişdi. Juninyo “Flamenqo”nu seçdi. Məncə, o, düzgün seçim etdi. Hər halda, Juninyo dünyanın ən böyük klublarından birinə keçdi. “Flamenqo”nu bütün dünyada hamı tanıyır və onlar haqda geniş danışmağa ehtiyac yoxdur. Braziliyada da, dünyada da önəmli klublardandır.

- “Kəpəz” hazırda turnir cədvəlində 9-cu pillədədir. Sizcə, komanda Premyer Liqada qala biləcək?
- Əlbəttə, biz çempionatda qalmağa tam qadirik. Son bir neçə oyunda çox inkişaf etmişik. Artıq bir-birimizi yaxşı tanıyırıq və indi hər oyunda inkişafa davam etməliyik. Bu mövsümün ikinci yarısında daha güclü olacağıq.

- Fasilədən sonra ilk oyun keçmiş komandan “Turan Tovuz”a qarşıdır. Bu Azərbaycanda Qərb derbisi hesab olunur. Sizin üçün xüsusi matçdır?
- “Turan Tovuz”la matç həmişə fərqlidir. Orda mənim dostlarım oynayır. Bəli, “Turan Tovuz” keçmiş klubumdur. Bu komandaya qarşı yaxşı oyun keçirməyə hazırlaşıram. Ümidvaram ki, komandamız bu görüşdə uğurlu nəticə qazanacaq. Biz hər bir oyuna xal qazanmaq üçün çıxırıq.

writer photo
Əlirza Əlirzalı
0