Qurban Qurbanov: “Lion”la oyunda çox yorulmuşduq”
01.12.2024 - 21:18
Qurban Qurbanov: “Lion”la oyunda çox yorulmuşduq”

Misli Premyer Liqasının XV turunun "Neftçi" - "Qarabağ" matçından (0:3) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədən tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadılar. Yaxşı atmosfer var idi. Bu stadionda yaxşı atmosfer həmişə olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samirə və "Neftçi"yə uğurlar arzulayıram".

- Fasilədə əvəzlədiyiniz futbolçulardan hansı planda razı qalmadız?
- Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı. 

- İlk qoldan sonra Leandro Andradeyə sarı vərəqə göstərildi və narazılıq bildirdiz... 
- Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.

- Nəriman və Musanın çıxışından nə qədər razısız? Onları nə vaxt ideal formada görə bilərik?
- İkisi də pis çıxış etmədi. Nəriman dubl etdi. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım.

- Bu gün "Neftçi" ilə oyunda əsas heyətdən oyunçular yox idi. Avrokubok matçına görə belə idi?
- Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidir. Avrokubok oyunundan əvvəl daha çox hansısa plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. "Lion"la matçda oyunçular çox yorulmuşdu.

- Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsız?
- Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq.

- Şahruddin Məhəmmədəliyevə şans vermək barədə düşünürsüz?
- Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar.

- "Qəbələ" ilə dekabrın 4-də kubok matçınız var. O oyun haqda nə düşünürsüz?
- Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq.

writer photo
Əlirza Əlirzalı
0