Ülvi İsgəndərov: "Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq" - Müsahibə
05.12.2024 - 17:18
Ülvi İsgəndərov: "Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq" - Müsahibə

"Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" ölkə kubokunda "Mingəçevir"ə qalib gələrək növbəti mərhələyə adlayıb. Demək olar ki, bu sezon ən asan oyununuz oldu?
- Belə oyunlar daha çox az oynayan futbolçular üçün praktika baxımından yaxşıdır. Matç da yaxşı alındı. Sonda da qalib gəldik. Layiqli qələbə qazandığımızı düşünürük. 

- Oyuna qolla başlamağınız hesabın böyük olacağına işarə edirdi, amma alınmadı...
- Bu cür matçlara köklənmək bir az çətindir. Bir oyundan ibarət oyunlar həmişə təhlükəlidir. Ona görə də matça yaxşı fokuslanmalısan. Biz də bunu etdik. Şadam ki, qələbə qazandıq. Əsas odur ki, növbəti mərhələdəyik.

-  Qol fürsətlərindən lazımınca istifadə etdiyini düşünürsən?
- Məncə, düşən fürsətlərdən maksimum yararlandım. Dəhşətli dərəcədə yağış yağırdı. Yağış da bizə bir az maneçilik törətdi. Hava şəraiti başqa cür olsaydı, hər şey fərqli olardı. Amma istənilən halda, komandamız növbəti mərhələyə adladı. Vacib olan da budur.

- "Araz-Nazçıvan"ın növbəti mərhələdəki rəqibi "Zirə"dir. Burada isə cütün taleyi iki ioyundan ibarət olacaq. Bu barədə və rəqib haqda nə düşünürsən? Yarımfinala adlamaq mümkün olar?
- "Zirə" də iddialı komandalardan biridir. Amma biz hələ bu oyunu düşünmürük. Qarşıda bizi ilin sonuna qədər 3 çempionat matçı gözləyir. İndi bütün fikrimiz "Səbail"lə oyuna yönəlib. Həmin görüşü düşünürük. Kubok görüşü isə həmin vaxt yaxınlaşanda fikirləşəcəyik.

- "Araz-Naxçıvan"ın hazırda turnir cədvəlində ikinci pillədə yer alması çox da gözlənilən deyildi. Ümumiyyətlə, özünüz bu cür nəticəni ehtimal edirdiz? Səncə, komandanın əsas üstünlüyü nədir?
- Futbol ehtimallar üzərində qurulmayıb. Yaxşı komandamız var. Oyundan-oyuna daha da inkişaf etmək istəyirik. Biz ancaq bir oyun bitdikdən sonra qarşıdakı görüşü düşünürük. Hər oyuna da uğurlu nəticə üçün çıxırıq. Bu nəticə bizi çox sevindirir. Davam etmək istəyirik.

- Artıq bu həftə "Səbail"lə qarşılaşacaqsınız. Onların vəziyyəti elə də yaxşı deyil. "Səbail"i məğlub edə biləcəyinizə inanırsan?
- Bizi çətin oyun gözləyir. Ən çətin oyunlardan biri olacaq. Yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik. "Səbail" də yaxşı komandadır. Çalışacağıq ki, qələbə qazanaq. Allah qoysa, hər şey yaxşı olar.

writer photo
Əlirza Əlirzalı
0