Super Liqa təmsilçilərindən "Fənərbaxça" qış transfer dönəmində müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İstanbul klubu "Roma"nın və İspaniya millisinin oyunçusu Mario Hermosonu heyətinə qatmağa çalışır. Bu barədə məlumatı "Fanatik" nəşri yayıb.
Mənbənin xəbərinə görə, ispaniyalı mərkəz müdafiəçisini icarəyə götürmək üçün "Fənərbaxça" ilə "Roma" arasında danışıqlar başlayıb. Tərəflərin razılığa yaxın olduğu bildirilib. 29 yaşlı futbolçunun mövsümün ikinci hissəsini Türkiyə klubunda keçirmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, Hermoso bu ilin yayında "Atletiko" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "Roma"ya qoşulmuşdu. İspaniya millisinin üzvü A Seriyası klubunun heyətində indiyədək 13 rəsmi oyuna çıxıb, 1 dəfə fərqlənib. Onun "Roma" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.