Gürcüstan millisinin sabiq futbolçusu Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.
Apasport.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.
Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.
Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələrlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.
O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.