Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Super Liqasının XV turunda "Sivasspor" evdə "Qalatasaray"ı qəbul edib.
Apasport.az xəbər verir ki, baş hakim Turqut Doman qərarları ilə matça damğa vurub.
Belə ki, qarşılaşmanın son dəqiqələrində "Sivasspor"un hücumçusu Rey Manaj "Qalatasaray"ın yarımmüdafiəçisi Barış Alper Yılmaza qarşı qayda pozuntusu edib. Hakim Manajı sarı vərəqə ilə cəzalandırıb. Bundan sonra VAR hakimi Domanı hadisə anını izləməyə dəvət edib. Epizodu təkrar izləyən Turqut Doman qərarını dəyişdirməyib.
Qərar futbol ictimaiyyəti, media və azarkeşlər tərəfindən ciddi narazılıq doğurub.
Qarşılaşmadan sonra Mərkəzi Hakimlər Şurasının sədri Ferhat Göndoğdu açıqlama verib:
"Barış Alper Yılmazın tezliklə sağalmasını diləyirəm. Mən də vəziyyətini izlədim. Ümid edirəm ki, qorxduğumuz şey baş verməz. Turqut bəylə danışdım. O, Manajın Barış Alperin butsuna basdığını gördüyünü, bu səbəblə də qərarını dəyişdirmədiyini bildirdi. Hadisələr yeni baş verdiyi üçün çox şey soruşmadım. "Görüntülərə təkrar bax, sabah yenidən danışacayıq", - dedim.
Sadəcə VAR hakimi bu epizodda konkret sənə kömək edir, sənsə, bu məsələ ilə bağlı qərarında israrlısan. Bu barədə Turqut Domandan daha ətraflı izahat alacayıq. Bu hadisə ciddi, çox aydın olduğu üçün yazılı şəkildə izahat alacağıq".
TFF prezidenti İbrahim Hacıosmanoğlu "Sivasspor" - "Qalatasaray" matçından sonra hakimlər tərəfindən "oyun" qurulduğunu bildirib. Ferhat Gündoğdu bu sözlərə canlı yayımda cavab verib:
"Hər kəs çox əsəbidir. Mən də sözlərimi seçərək danışıram. Hakimlərin idarəedicisi olduğum üçün bu barədə nəsə demək çox çətindir və nə desəm, hərə bir cür şərh edəcək. Ümumi deyə bilərəm ki, başımıza bir hadisə gəldi. Hər kəsin qırmızı kart olaraq razılaşdığı epizoda sarı vərəqə verildi. Baş hakim VAR texnologiyası ilə epizodu təkrar izləməyə çağırıldı və 6-7 dəfə yenidən görüntülərə baxıldı. Lakin hakim qərarını dəyişdirmədi. Bunun istedadla, futbol biliyi və ya niyyətlə bağlı olub-olmaması barədə şərh vermək istəmirəm. Burada ciddi bir səhv var. Biz bu səhvi hər tərəfdən araşdırmağa başlamışıq".
Qeyd edək ki, qarşılaşma qonaqların 3:2 hesablı üstünlüyü ilə başa çatıb.