Lionel Messinin Hindistan səfəri iğtişaşlarla yadda qalıb
13.12.2025 - 16:43
Lionel Messinin Hindistan səfəri iğtişaşlarla yadda qalıb

Hindistanda Lionel Messinin səfəri gözlənilməz hadisələrlə müşayiət olunub.

Apasport.az xəbər verir ki, Kəlküttədə argentinalı ulduz futbolçunun qısa müddətli stadion yürüşündən sonra azarkeşlər arasında iğtişaşlar baş verib.

Yerli mətbuatın məlumatına görə, hadisə təxminən 85 min tamaşaçı tutumuna malik “Salt Lake Stadium”da qeydə alınıb.

Təhlükəsizlik səbəbindən Messinin tribunalar ətrafında hərəkəti yarımçıq dayandırılıb. Belə ki, meydançaya doğru butulkalar atılmağa başlanıb və futbolçu mühafizə altında dərhal stadiondan çıxarılıb. Bundan sonra vəziyyət daha da gərginləşib.

Sosial şəbəkələrdə yayılan videolarda azarkeşlərin oturacaqları qoparması, meydana daxil olması, bannerləri sökməsi və reklam konstruksiyalarını dağıtması əks olunub.

Azarkeşlərdən biri açıqlamasında narazılığını belə ifadə edib: “Messinin ətrafında yalnız siyasətçilər və aktyorlar var idi. O zaman bizi niyə dəvət etmişdilər? Biz 12 min rupi (100 avrodan çox) ödəmişik, amma onun üzünü belə görə bilmədik”.

Şahidlərin sözlərinə görə, rəsmi şəxslər və bəzi siyasətçilərin futbolçuya adi tamaşaçılardan daha yaxın buraxılması da narazılığı artırıb. Tribunalardakı sıxlıq və ciddi təhlükəsizlik problemləri səbəbindən Lionel Messi stadionu planlaşdırılandan tez tərk edib və azarkeşlərin əksəriyyəti ilə ünsiyyət qura bilməyib.

Qeyd edək ki, futbolçunun ölkəyə səfərindən əvvəl ona 21 metr hündürlüyündə heykəl də ucaldılmışdı.