“Oyunun ağır keçəcəyi açıq-aşkar görünür. "Neftçi” “Qarabağ”a da məğlub olsa, işləri çox çətinə düşəcək".
Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ” – “Neftçi” matçını dəyərləndirib: “Ağ-qaralar” üçün qarşılaşma heç asan olmayacaq. Lakin “Neftçi” üçün müsbət bir məqam var ki, ağdamlılar bir həftə sonra Londonda “Tottenhem”lə qarşılaşacaq. Qurban Qurbanov yəqin ki, müəyyən futbolçulara istirahət verəcək. Komanda ola bilsin ki, meydana ikinci heyətlə çıxsın. Bu, “Neftçi” üçün müəyyən üstünlük yarada bilər. Amma “Qarabağ”ın hansı heyətlə meydanda olmasından asılı olmayaraq işlər Bakı təmsilçisi üçün çox çətindir. Komanda nisbətən zəif rəqiblərə qarşı matçlarda da kifayət qədər xallar itirir. “Ağ-qaralar”ın turnir cədvəlində sondan ikinci olmaları təəccüblü durumdur. Artıq komandada bir istefa da baş verib. İdman direktoru Yens Anderssonla yollar ayrılıb. Bu da onu göstərir ki, komandada işlər yolunda getmir”.
Kərimov Roman Qriqorçukun mümkün gedişi barədə də danışıb: “Qarabağ”la oyun Roman Qriqorçuk üçün son matç olacaq ya yox, bunu demək çətindir. Bu, tərəflərin danışıqlarından asılıdır. Ona nə qədər kredit verilibsə, həmin matça qədər gözləyəcəklər. “Qarabağ”dan alınacaq məğlubiyyət isə mütəxəssisin işlərini daha da çətinə salacaq”.
İsmayıl Xeyrullayev