Ayxan Abbasov: “Hücumda bir az da soyuqqanlı olsaydıq...”
18.02.2024 - 19:07
Ayxan Abbasov: “Hücumda bir az da soyuqqanlı olsaydıq...”

"Belə stadionda oynamaq xoş oldu. Çünki Sumqayıt şəhər olaraq bu cür stadionu haqq edirdi. Premyer Liqanın bütün klublarında bu cür stadionların olması çempionatımıza rəng qatacaq. Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. "Sumqayıt" qış fasiləsindən sonra yaxşı start vermişdi. "Neftçi"ni də məğlub etmişdilər. Bu gün qol olmasa da, meydanda hər saniyə mübarizə getdi. Taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda bir az da soyuqqanlı olsaydıq... Ən yaxşı epizodlar bizdə oldu. Bu dəqiqə çempionatın önəmli anındayıq. Həm rəqibi uzaqlaşmağa qoymadıq, həm də özümüz həmin yerlərd qalmağa çalışırıq. Gələcək oyunlara hazırlaşacağıq. "Sumqayıt"a da uğurlar".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 23-cü turunun "Sumqayıt"la oyunundan (0:0) sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. O, daha sonra yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu misal çəkərək, bölgələrimizdə də müasir stadionlara ehtiyac olduğunu bildirib:

"İnanın, bu gün keçirdiyimiz oyun Türkiyə stadionlarının birində, dolu tribunalar qarşısında keçirilsə... Bizim futbola yaxşı meydançalar lazımdır. Görünüş də önəmlidir. Futbolumuzun inkişafını istəyiriksə, bunların hamısı şərtdir. Paltardəyişmə otağına girirsən, müasir, geniş, hər bir şərait var. Legionerlər də gəlir futbolumuza. Elə stadionlarımız var ki, futbolçularımız bir-birinə deyir ki, balaca o tərəfə çəkil, rahat dəyişək. Bunların hamısı vacibdir. Biz də istəyərik. Ümid edirəm, Tovuzda, Gəncədə, bölgələrdə belə stadionlar olacaq".

writer photo
İsmayıl Xeyrullayev
0