Misli Premyer Liqasının VII turunun "Kəpəz" - "Şamaxı" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçilib.
"Komandada vəziyyət elədir ki, oyundan-oyuna tam adaptasiya ola bilmirik. Bəzi şeyləri dəyişmək istəmişik. Amma oyunda alınmır. Bu gün müdafiədə çox kobud səhvlərə yol verdik. Belə qollar buraxanda komanda təzyiq altına düşür. Uşaqlar bu təzyiqdən çıxa bilmədilər. İkinci hissədə bəzi şeyləri dəyişmək istədik. Amma alınmadı. Komanda qol vura bilmir. Hücumda çox şeyi dəyişməliyik".
- Azarkeşlərin istefa şüarlarına münasibətiniz necədir?
- Mən güclü adamam. Dəyişikliklər edəcəyik. Hamını komandaya dəstək olmağa səsləyirəm. Düşünürəm ki, yaxşı oyunlarımız olacaq. Bir neçə oyunçu daha bizə qoşulacaq. Qol vurmaq lazımdır ki, üstünlük səndə olsun. Bunun üzərində çox işləməliyik. Bizim problemimiz müdafiə deyil, hücumdur. Vaxtında qol vura bilmirik. Bunun nəticəsində də müdafiə təzyiqdə olur.
- Qarşıda "Qarabağ", "Neftçi", "Zirə" və "Turan Tovuz"la oyunlar var. Bu matçlardan gözləntiləriniz nədir?
- Bu, futboldur. Səhvlərin üzərində işləyəcəyik. Həmin səhvləri aradan qaldırandan sonra nəticələr də gələcək. Ümid etməli deyilik, iş görməliyik, bilməliyik ki, tutduğumuz yol düzdür. Futbolçularımızı kiçiltmək istəmirəm. Taktiki planda iş görməliyik. Tribunadakı şüarlar futbolçulara da təsir edir. İstefa şüarları, futbolçuların ünvanına deyilən sözlər... Əlimizdə olan futbolçular bunlardır. Onlarla bu vəziyyətdən çıxmalıyıq.
- Elmir Tağıyevin durumu necədir?
- Zədəsi ciddidir. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək.