Kaxaber Tsxadadze: “Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür”
13.09.2024 - 20:04
Kaxaber Tsxadadze: “Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür”

“İlk tur həmişə həyəcanlı olur. Oyun çox maraqlı alındı”. 

Bu sözləri apasport.az saytına “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis I Liqanın 1-ci turunun “Zaqatala” ilə matçından sonra fikirlərini açıqlayıb: “Rəqib komandanın heyəti çox yaxşı komplektləşib. “Zaqatala” təcrübəli futbolçulara malikdir. Onların vəzifəsi xal qazanmaq idi və müdafiədə yaxşı oynadılar. Biz böyük üstünlüyə malik idik, epizodlar yaratdıq. Amma bu da azdır. Daha da irəli getmək lazımdır. Bizim heyət az komplektləşib, cəmi iki dəyişiklik etdik. Hücumçunu əvəz etməyə oyunçu yox idi. Komandaya qoşulacaq futbolçuları gözləyirik. Gec də olsa, qoşulmalıdırlar. Oyuna, mübarizəyə görə komandadan razıyam. İlk oyun həmişə ağır alınır”.

Baş məşqçi Premyer Liqaya vəsiqə uğrunda mübarizədə favorit sayılmalarının komandaya təsirinə də toxunub: “Bu, düz deyil. Komanda 95 faiz dəyişib. Yerli oyunçular çoxdur və onlar yaxşı oynayırlar. Qarşıya böyük vəzifə qoyulanda bizə yaxşı ifaçı lazımdır. Məzmunca yaxşı oyunu daha yüksək keyfiyyətli futbolçular yaxşı sonluqla bitirə bilər. Belə oyunçular olacaq. Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür. “Zaqatala” bir xalı indi bayram edir. Onlar üçün şadam. Hər matçda belə olacaq. Ona görə işləməliyik. Hakim də bu gün yaxşı idarəçilik etdi. Bir epizod oldu ki, məncə orda penalti var idi”.

Tsxadadze heç də yaxşı olmayan meydanlarda mübarizə aparmaq üçün heyətin geniş olmasının zəruriliyini qeyd edib: “Buna görə çox futbolçu lazımdır ki, dəyişikliklər edə bilək. Hücumda da seçim çox olmalıdır. Həmişə hücum futbolu oynamaq istəyirik. Bu gün ya sabah minimum 2 futbolçu gələcək. Hamısı da hücumameylli oyunçulardır. Bunun üzərində işləyirik. Amma çox çətindir. Həm gətirmək, həm sənədləşdirmək asan olmur”.

Mütəxəssis I Liqadakı mübarizəyə münasibət bildirib: “Bütün komandaları fərqləndirmək olar. Çox çətin çempionatdır. Böyük fərq yoxdur. “İmişli” favorit idi uduzdu, “Mingəçevir” MOİK-i məğlub etdi. Çox çətindir. Oyunçular arasında da böyük səviyyə fərqi böyük deyil. “Zaqatala” da yaxşı komandadır. Onlarla yoxlama oyunu keçirmişdik, indi 70 faiz fərqli heyətlə idilər”.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı görüş 0:0 hesabı ilə başa çatıb.

İsmayıl Xeyrullayev

 

writer photo
İsmayıl Xeyrullayev
0