Misli Premyer Liqasının VI turunun “Sabah” - “Turan Tovuz” matçından (2:2) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Paltardəyişmə otağında uşaqlara dedim ki, hər hissənin ilk dəqiqələrini uduzduq. Ümumən, xarakter göstərdik və uşaqlardan razı qaldım".
- Qələbə qolunu vurmaq üçün nə çatmadı?
- İkinci hissədə bəzi futbolçularım bəzi mövqeləri yaxşı tutmadığı üçün qol buraxdıq. Rəqibin haqqını vermək lazımdı, əks-hücumlarda yaxşı idilər. Bir az həyəcanımız var idi, özümüzə xas olan oyunu göstərə bilmədik. Yenə də futbolçulara təşəkkür edirəm, xarakter göstərdilər.
- Son epizodda sayılmayan qolunuz nə ilə bağlı idi?
- Yan xətt hakimi bildirdi ki, top xətti keçib. Amma videotəkrarda görünmədi. Artıq qərar verilib.
- Buraxılan qolları necə şərh edərdiniz?
- Şəhriyarın yoxluğu hiss olunurdu. Amma uşaqlar bunun öhdəsindən gəldilər.
- Oyunçularınıza neçə bal verərdiniz?
- Qiymətləndirə bilmərəm. Müdafiədə və digər xəttlərdə problemlər var idi. Yaxşı və müsbət məqamlar oldu.
- Lidersiniz, komandanızdan nə dərəcə razısınız?
- Tam razıyam desəm, düz olmaz. Uşaqlar məşqlərdə və oyunlarda əllərindən gələni edirlər. Möhkəmlənməliyik.
- Reallıq var ki, heyət kasaddır. Bu fonda belə davam etmək çətin olmayacaq? Azarkeşlərdən çempionluq tələb edənlər də var. Bu, təzyiq yaratmır?
- Bu, azarkeşlərin təbii istəyidir. Onlara təşəkkür edirəm. Sonda necə olacağını Allah bilir. Təcrübə onu göstərir ki, intizam qorunursa, sürprizlər qeydə alına bilər.
- Komandada intizam və sakitlik hiss edilir. Nə baş verdi ki, komandanı belə intizamlı etməyi bacardınız?
- Çalışırıq ki, oyunçular hər mənada intizamı qorusun. Bunun üzərində çalışırıq. İntizamı müəyyən hissələrə bölmək olmaz. Həm meydanda, həm də kənarda belə olmaq lazımdır.
- Yayılan xəbərlərə görə, həm hücumçu, həm də pleymeyker axtarışındasınız…
- Bu, Otto Conla bağlı idi. Təklif gəlmişdi və ona görə hücumçu axtarırdıq. Pleymeyker isə hər komandaya lazımdır. “Kəpəz”lə oyun ərəfəsində bir jurnalist oyunöncəsi hazırlığımıza gəlmişdi. Lakin işıqlandırmağa icazə verməmişdim. İndi ondan üzr istəyirəm.