Macarıstanın baş məşqçisi: “Azərbaycandan narazı qalmaq doğru olmaz”
10.06.2025 - 22:20
Macarıstanın baş məşqçisi: “Azərbaycandan narazı qalmaq doğru olmaz”

Azərbaycan - Macarıstan matçından (1:2) sonra qonaqların baş məşqçisi Marko Rossinin mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Azərbaycan yığmasından gözləntiləriniz nə idi? Sürprizlə qarşılaşdız?
- ⁠Dünən də vurğulamışdım, rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışırdıq. 85-ci dəqiqəyə qədər bunu bacardıq. Son 10 dəqiqədə Azərbaycan millisi üstünlüyə yiyələndi. Azərbaycan yığması üçün gileylənməyə dəyməz. Yaxşı rəqib idilər. Lakin statistika bizim tərəfimizdə idi.

- Buraxdığınız qolu necə dəyərləndirirsiz? Sanki top ələ dəymişdi…
- ⁠Texniki zonadan görünmürdü. Təkrarına baxdıq, ələ dəydiyi göründü. Təəssüf ki, VAR bu gün çalışmırdı.

- Bu gün fərqli sistemlə çıxış etdiz. Nəticədən və oyundan razı qaldız?
- ⁠Yaxşı oynadıq. Kifayət qədər epizod yaratdıq. Oyunun ritmini əlimizdə saxladıq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşbaşlıq var idi.

- İki qapıçı ilə çıxış etdiz. Çıxışlarından razı qaldız?
- ⁠Hər ikisi yaxşı, səhvsiz oynadı. Gənc qolkiperi oyuna salmağımız öncədən planlaşdırılan dəyişiklik idi.

- Azərbaycan millisində fərqləndirdiyiniz oyunçu oldu?
- ⁠Mahir Emrelini vurğulamaq istəyərdim. Maraqlı oyunçudur. Təsadüf deyil ki, II Bundesliqada “Nürnberq”də çıxış edir. Həmçinin onun komanda yoldaşlarını da təbrik edirəm. Bu millidən narazı qalmaq doğru olmaz.

- Daha öncə də millimizə qarşı oynamısız. Oyun planında hansı dəyişiklikləri gördüz?
- ⁠İlk oyunumuz yadıma gəlir, 3:1 hesabı ilə qalib gəlmişdik. Çətin oyun olmuşdu. Budapeştdəki matçda da çətinlik yaşamışdıq. Azərbaycan millisi ümumilikdə yaxşı təşkil olunmuş komandadır. Bizə qarşı 3 oyunda da yaxşı çıxış ediblər.