“Öz komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhtəsindən gəldik. Futbolçularım sıx qrafikdəki yorğunluqdan sonra bu ritmi saxlayıb, uduzmaq istəmirdi. Yadınızdadırsa, bundan öncə də demişdim ki, “Zirə” ilə görüşdə bir xal çox önəmli olacaq. Buna görə həm futbolçulara təşəkkür edir, həm də sevinirik. Zirə səfərində bir xal pis nəticə deyil”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 22-ci turunun "Zirə" ilə oyunundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün heç kim uduzmaq istəmirdi. Bir qolunuz ofsayt kimi qiymətləndirildi. İki penalti verildi. Bu epizodlar barədə nə deyə bilərsiz?
- Penaltilərin qaçırılması həyəcandandır. Bu, bayaq dediklərimə işarədir. Hətta deyərdim ki, bərbad penalti idi. Sayılmayan qola gəldikdə isə yəqin ki, ofsayd var idi. Bunu müzakirə etmirəm. Penalti epizodları zamanı da etiraz olmadı. Referinin düzgün qərar verdiyinə inanıram. Bu gün qol buraxsaydıq, çox çətin olacaqdı. Komandama təşəkkür edirəm.
- İkinci yarı başlayandan sıx qrafikdəsiz. Bilirik ki, eyni tonusu saxlamaq çətindi. Komandada yorunluq var idi?
- Bəzi oyunçularda ola bilər. Məni sevindirən odur ki, yorğunluğun fonunda futbolçular yaxşı oynadılar və çox əvəzetmə etmədik. Sadəcə meydançanın ideal olmaması iki komandaya da maneə törətdi.