Misli Premyer Liqasının VII turunun "Sumqayıt" - "Zirə" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
"Qələbə münasibəti ilə "Zirə"ni təbrik edirəm. Onlar layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Fikrimcə, bütün mübarizələrdə məğlub olduq, hücumda isə oynaya bilmədik. Artıq neçə oyundur ki, belə davam edir. Bəzi addımların atmağın vaxtı gəlib. Düşünürük ki, qarşıdakı matçda düzələr, amma yox. Çünki futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd oyundur ki, məğlub oluruq. Belə gedişlə növbəti iki matçı da uduzmağa doğru gedirik. Komandanı necə düzəldəcəyik… Danışmaq çətindir. Toparlanmalıyıq demək də çətindir. Məncə, komanda daxilində iş görmək lazımdır".
- Yeni gələn oyunçularla bağlı addım atmaq lazımdır?
- Yox. Formada deyilik. Komandada 3-4 nəfər yeni transfer oynayırsa, fiziki formadan uzaq qalıblarsa, başqa oyunçulara da təsirini göstərəcək. Bu mənada, digər futbolçular daha çox qaçmağa, güc sərf etməyə məcbur qalıb. Fiziki baxımdan komandada balans doğru deyil. Yeni yox, köhnə oyunçularla əlaqədardır. Hətta bəzi futbolçularımızın başı futboldan kənar söhbətlərə qarışıb. Amma hansı söhbətlərdir, onu deməyəcəm. Özləri başa düşür. Oynamayacaqlar, formadan düşəcəklər. Yaxşı mövsüm keçirdik, bəzi futbolçularımız təkliflər aldı. Elə bil ki, həmin havada qalıblar. Sanki düşünürlər ki, bura olmasın, amma gedəcək yerimiz var. Arxayınlıqları hiss edilir. Mən də, loru dildə danışmağa çalışıram ki, başa düşsünlər.
- Cərimə tətbiq olunmur?
- Xeyr, bu cür addımlar atmaq fikrində deyilik. Amma həmin oyunçular öz formalarından çox uzaq qalıblar. Çünki başqa səbəb tapa bilmirəm. İstək, arzu görmürük. Hələ zaman keçdikcə də, pisə doğru gedirik. Bunun qarşısını almalıyıq.
- Ötən mövsümdə də 7 tur uğursuzluq oldu, indi də təkrarlanır...
- Məğlubiyyət varsa, motivasiya da gedir. Normal haldır. Biz komanda olaraq enişdəyik. Anlayıram, bunu baş məşqçi aradan qaldırmalıdır. Lakin səbəblər var. Uğursuz nəticələr elə motivasiyanın enişinə səbəbdir. İşləyirik, qələbə qazanmaq istəyirik. Onlar da olacaq. Amma düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.
- Rəhim Sadıxovun komandadakı balansı pozmasına münasibətiniz necədir? Lakin sona kimi də meydandadır. Bunu məcburiyyətdən edirsiniz?
- Hər bir futbolçuya şans vermək lazımdır. Rəhim Sadıqov bu gün bizə kömək etmir. Əksinə, ötən mövsüm oynadığımız oyunu pozur. Amma çalışıram ki, digər oyunçuları da başa düşüm. Heç bir futbolçunun sonsuz limiti olmur. Oyundan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi Xaraişvili 3-4 gün əvvəl komandamıza qoşulub. Amma onu əsas heyətdə meydana buraxmağımıza fiziki durumu imkan vermir. Lakin məcburam ki, onları oyunlara buraxmaqla, formaya düşsünlər.
- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Bəs komandanın yenidənqurulmasına bu cür ağır səfər matçöncəsi getmək riskli görünmür?
- Komandanı, özümüzü də fikirləşməliyik. Bu futbolçularla optimal heyət qurmaq lazımdır. Məncə, bəzi oyunçular da yerini bilməlidir.
- Yeri gəlmişkən, "Neftçi"yə getmək ehtimalınız var?
- Xeyr.