"Azərbaycanın Monqolustanla oyununa tam baxmamışam. Fraqmentləri izləmişəm. Azərbaycana dominant oyun sərgilədi. Kifayət qədər şansları var idi və layiqli qələbə qazandılar".
Apasport.az xəbər verir ki, bu sözləri Bolqarıstan milli komandasının baş məşqçisi İlian İliyev deyib.
O, "FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Siz həm də "Çerno More"nin baş məşqçisiz. Maraqlıdır, Azərbaycan millisinin üzvü olan Cəlal Hüseynovu izləmisiz?
- Bəli, bu futbolçunu yaxşı tanıyıram. Yaxşı keyfiyyətə malik, istedadlı futbolçudur.
- "Çerno More"dən söz düşmüşkən, vaxtı ilə sizin rəhbərliyiniz altında oynamış "Qarabağ"ın futbolçuları Leandro və Patrik Andrade ilə Bakıda görüşmüsüz?
- Bəli, Leandro ilə görüşmüşəm. Patrik isə Kabo-Verde millisinin heyətindədir deyə, onunla görüşmək imkanımız olmadı.
- Azərbaycan sabah evdə oynayacaq və qələbə üçün meydana çıxacaq. Bu, sizin üçün təzyiqdir?
- Əminəm ki, bu turnir qarşıdan gələn Millətlər Liqası öncəsi bizə kömək olacaq. Azərbaycanın güclü tərəflərini yaxşı bilirik.
- Son görüşlərdə Macarıstan və Serbiya ilə 2:2 oynamışdınız, Tanzaniyanı isə 1:0 məğlub etdiniz. Azərbaycana məğlubiyyət Bolqarıstanda tənqidlərə yol açacaq?
- Həmin oyunlardakı nəticələrə görə müsbət məqamlar əldə etdik. Tanzaniya ilə matçda da müsbət məqamlar var idi. Tənqid məsələsinə gəlincə, bundan əmin ola bilmərik. Fikirlər tək nəticə üzərindən yürüdülmür. Biz bu haqda düşünmək istəmirik. Sabahkı oyunda qələbəyə köklənmişik.
- Azərbaycandakı təşkilatçılıq necədir?
- İndiyə kimi təşkilatçılıq mükəmməldir. Bu yarışa qatılmaq şərtlərimizdən biri o idi ki, hər şey yüksək və peşakar səviyyədədir.