
Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo Liqaları ilə bağlı mətbuat konfransı keçirib.
Apasport.az xəbər verir ki, tədbirdə ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı jurnalistlərə ətraflı məlumat verib.
Bildirilib ki, Cüdo Liqalarının yaradılmasında əsas məqsəd yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərmək, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır.
Cüdo Liqaları və burada yığılan xallar eyni zamanda milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək.
Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyi diqqətə çatdırılıb. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək. Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək. Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafını dəstəkləyən müxtəlif istiqamətlər üzrə xərclənəcək.