Adil Şükürov: "Kəpəz"lə ilkin danışıqlarımız olub, amma..."
01.06.2025 - 19:19
Adil Şükürov: "Kəpəz"lə ilkin danışıqlarımız olub, amma..."

"Kəpəz"ə baş məşqçi təyin olunacağı gözlənilən Adil Şükürov apasport.az saytına müsahibə verib.

- "Kəpəz"ə baş məşqçi təyin olunacağınız iddia olunur. Yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Bəli, "Kəpəz"lə ilkin danışıqlarımız olub. Amma yenə də müzakirəyə açıq məsələlər qalıb. Ona görə də, imza məsələsi bir az yubanır. Yaxın günlərdə hamı biləcək. 

- Rəhbərliklə son söhbətiniz nə vaxt olacaq və müqavilə məsələsində konkretləşmə nə vaxta ehtimal edilir?
- Bu, daha çox rəhbərlikdən asılı məsələdir. Allah qoysa, geridönüş olanda yəqin ki, müqavilə də o vaxt imzalanacaq. Məsələ haqda yalnız bunu deyə bilərəm.

- "Kəpəz"i Premyer Liqada saxlaya bilmişdiz, amma sonradan komandadan ayrıldınız. Bu dəfə "Kəpəz"in maliyyə dayanığının daha yaxşı olacağı ehtimal edilir. Gəncə klubuna mümkün qayıdışı necə dəyərləndirirsiz? Bu dəfə daha güclü "Kəpəz" olacağını ehtimal edirsiz?
- Bu dəfə çalışacağıq ki, daha dayanıqlı və mübarizəyə davamlı olan komanda formalaşdıraq. Təbii ki, daha güclü komanda olacaq. Buna çox inanıram. Amma bayaq dediyim kimi, məsələlər konkretləşdikdən sonra daha ətraflı danışmaq mümkündür.

- "Kəpəz" qarşıdakı mövsüm yeni stadionunda oynayacaq. Həm də maliyyənin artacağını nəzərə alsaq, avrokuboklar uğrunda mübarizə aparan "Kəpəz" görmək mümkündür?
- Səhv etmirəmsə, "Kəpəz" gələn ilin ortalarında öz stadionunda oynaya biləcək. Ona görə də, yenə komanda səfərlərdə olacaq. Avrokubok məsələsi isə tam başqa mövzudur ki, bunu etmək üçün ilk növbədə mübariz komanda formalaşdırmaq lazımdır. 

- Ümumiyyətlə, yeni mövsüm Premyer Liqanın ən maraqlı olacağını ehtimal edirsiz? Legioner limiti də tətbiq edilməyəcək. Daha üç komanda gəlib çempionata. Bu barədə fikriniz necədir?
- Premyer Liqada komanda sayının artırılmasının futbolumuzun inkişafına yaxşı təsir edəcəyini düşünürəm. Legioner limitinin ləğvinə gəldikdə, bu, çempionatda əcnəbi futbolçuların çoxluğu deməkdir. Bu isə komandaların yükünün onların çiyinlərində olacağı deməkdir. Belə olan halda, legionerlərdən tələblər birə-beş artacaq.