Berti Foqtsla bağlı Nigeriya hökumətinə şikayət olunub
31.03.2008 - 18:29
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycan milli komandasının yeni baş məşqçisi Berti Foqtsla bağlı Nigeriya federal hökumətinə şikayət olunub. “APA-Sport” agentliyinin məlumatına görə, şikayət ərizəsini Nigeriya Futbol Assosiasiyasının (NFA) rəsmisi, yığmanın sabiq çalışdırıcısı Pol Hemilton yazıb. O, Britaniyanın “Sunday Sunsport” nəşrinə müsahibəsində B.Fotqsun Nigeriyada işlədiyi dövrlərdə ölkədən kənarda yaşamasına etirazını bildirib: “Müraciətdə Berti Foqtsun müqaviləsinin araşdırılmasını xahiş etmişik. Axı baş məşqçi Nigeriya ilə müqaviləsi ola-ola ölkədən kənarda yaşayırdı”. P.Hemilton vurğulayıb ki, məşqçilərin yığmaya belə etinasız yanaşması halı ilə heç vaxt üzləşməyib: “Biz Foqts üçün 1 milyon dollar xərcləmişdik. Başa düşə bilmirəm ki, bu xərcin müqabilində baş məşqçi nəyə görə Nigeriyadan kənarda yaşamalı idi? Mən 1960-cı ildən indiyədək Nigeriyanın müxtəlif yaş qruplarından ibarət yığmalarında 23 əcnəbi ilə çalışmışam. Ancaq onların heç biri Nigeriyada işləyə-işləyə digər ölkədə yaşamırdı. Görəsən, Foqtsa Avropada məskunlaşmağa və milli komandanın oyunlarına cəmi bir neçə gün qalmış Nigeriyaya gəlməyə kim icazə vermişdi? Məqsədimiz müvafiq strukturların müqavilənin bəndlərini araşdıraraq, obyektiv qərarın çıxarılmasına nail olmaqdır”.
Qeyd edək ki, 2007-ci il yanvarın 15-də Nigeriya yığmasında baş məşqçi fəaliyyətinə başlayan B.Foqts bu il fevralın 20-də müqaviləni pozaraq, Azərbaycan milli komandası ilə anlaşıb.
Qeyd edək ki, 2007-ci il yanvarın 15-də Nigeriya yığmasında baş məşqçi fəaliyyətinə başlayan B.Foqts bu il fevralın 20-də müqaviləni pozaraq, Azərbaycan milli komandası ilə anlaşıb.
0
0