Berti Foqtsun Anatoli Banişevskiyə qarşı oynamasına nə mane olub?
01.04.2008 - 17:46
Berti Foqtsun Anatoli Banişevskiyə qarşı oynamasına nə mane olub?
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Anatoli Banişevskinin çıxış etdiyi SSRİ millisi ilə Avropa çempionatının final oyununda qarşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, 1972-ci ilin qitə çempionatında həlledici görüşdə SSRİ və AFR komandaları qarşılaşıb. Millisinin 3:0 hesablı qələbəsinə sevinən B.Foqts bu uğuru ehtiyat oyunçular skamyasından izləyib. Azərbaycanın millidəki yeganə təmsilçisi olan A.Banişevski 56-cı dəqiqəyədək meydanda olub. Qızıl medalları ələ keçirən almaniyalılara qarşı “İnter”in sabiq baş məşqçisi Anatoli Konkov da çıxış edib. Yığma karyerası 1967-78-ci illəri əhatə edən B.Foqts bu rəqiblərin həmin dövrə təsadüf edən digər 3 oyundan ikisində də əsas heyətdən kənar qalıb. 1978-ci ildə isə millimizin yeni baş məşqçisi A.Konkovun kapitan olduğu komandaya qarşı oynamaq imkanı qazanıb və qalib tərəfdə olub – 1:0. B.Foqts məşqçi karyerasında da Azərbaycanla bağlı olan futbol adamları ilə üz-üzə gəlib. 2000/01 mövsümündə “MKT-Araz”ın sabiq oyunçusu Artyom Bezrodnının yer aldığı Moskvanın “Spartak” klubu B.Foqtsun komandasını üstələyib. İspaniyanın “Real” və Portuqaliyanın “Sportinq” klublarının da çıxış etdiyi qrupda yer alan A.Bezrodnının komandası qrup ikinciliyini qazanıb. Bu mübarizədə B.Foqtsun rəhbərlik etdiyi Almaniyanın “Bayer” komandası ÇL-dən UEFA kubokuna yollanmalı olub. “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadze isə MDB yığmasının heyətində 1992-ci ilin qitə çempionatında B.Foqtsun çalışdırdığı Almaniya millisi ilə qarşılaşıb. Lakin 1:1 bitən oyunda gürcüstanlı ehtiyat oyunçular skamyasında qalıb.
0