Şotlandiya mətbuatı: “Foqtsdan nəticə tələb olunsaydı, o, işsiz qalardı”
02.04.2008 - 12:52
2002/2004-cü illərdə Şotlandiya millisini çalışdıran B.Foqtsun yeni iş yerində uğur qazanacağına britaniyalılar da inanmır: “Çalışdığı Şotlandiya və Nigeriyadan fərqli olaraq, Azərbaycanda ümidlər o qədər böyük deyil. FİFA reytinqində 119-cu yerdə olan Azərbaycan Lixtenşteyni qabaqlasa da, hətta Burkino-Faso millisindən də geri qalır”. Uelsə biabırçı hesabla (0:4) uduzduqdan sonra qovulduğu Şotlandiyada B.Foqtsun qarşısına böyük məqsədlərin qoyulduğuna şübhə ilə yanaşırlar: “Azərbaycan tərəfi DÇ-2010-nun seçmə mərhələsində uğurla çıxış haqda danışsa da, qrupun çətin olduğunu da vurğulayıb. Əgər B.Foqtsdan bu mərhələni keçmək tələb olunsaydı, hələ də işsiz qalardı. Almaniyalı yeni komanda ilə seçmə mərhələdə ilk oyununu Kardiffdə Con Toşakın çalışdırdığı Uels yığmasına qarşı keçirəcək. Mütəxəssisə yaxşı məsləhət verə bilərik ki, yeni işə götürənlərinə son “Millenium” səfərini xatırlatmasın. Robert İrnşounun het-trik etdiyi matç onun üçün Şotlandiya millisində sonuncu olmuşdu”. Britaniyalılar sabiq çalışdırıcılarının perspektivini də götür-qoy edib. Şotlandiya mətbuatı Azərbaycan yığmasının son tsikldəki və son 16 ildəki çıxışlarına da toxunub: “Maraqlıdır, Foqts itirilən nüfuzunu qaytara biləcəkmi? Bu ölkədə futbolu az qala milli idman növü sayırlar. Lakin azərbaycanlıların uğurları güləş, boks və cüdo ilə bağlıdır. Həmçinin şahmat oynamağı sevən ölkənin ən böyük futbol adamı isə hakim Tofiq Bəhramovdur”. Amma B.Foqtsu heç də yaxşı xəbərlər gözləmir. Ən azı şotlandiyalılar onun məyus edə biləcək bir xəbərə də toxunub: “Olimpik”in liderlik etdiyi Azərbaycan çempionatında 14 komanda çıxış edir. Və demək olar ki, Foqtsun yeni yetirmələrinin hamısı bu yarışda iştirak edir. Əgər mütəxəssis oyunçuların durumunu nəzarətdə saxlamaq üçün mütəmadi olaraq xarici gəzintilərə çıxmaq fikrindədirsə, onun üçün yaxşı xəbər deyil”.
0
0