İlqar Qurbanov: “Bülənt Uyğun mənə dedi ki, başqa kluba keçə bilərsən”
02.04.2008 - 17:01
İlqar Qurbanov: “Bülənt Uyğun mənə dedi ki, başqa kluba keçə bilərsən”
- Xeyli vaxtdır klubunda əsas heyətə düşə bilmirsən. Son oyunlarda isə adın, ümumiyyətlə, matçın protokoluna daxil edilmir. Bunu nə ilə izah edə bilərsən?
- Düzdür, son vaxtlar adım iştirak ərizəsinə salınmır. Təbii ki, bu, məni razı salmır. Bu barədə baş məşqçi Bülənt Uyğunla danışdım. Ona Azərbaycan milli komandasının üzvü olduğumu dedim. Bildirdim ki, mənim ehtiyatda oturmaq vaxtım deyil. Uyğun fikirlərimlə razılaşdı və mənə şans verilməməsini komandanın uğurlu çıxışı ilə əlaqələndirdi. Dedi ki, nəticə qazanan heyəti dəyişmək istəmir. “Sivasspor” cari mövsümdə uğurlu çıxış edir və çempionluq şansımız qalır. Superliqada mövsümün başa çatmasına 6 tur var. Qalan matçlarda uğurla çıxış etsək, çempionluq şansımız xeyli yüksələcək.
- Bəs ehtiyatda yer almamağının səbəbi nədir?
- Bunun başqa səbəbi olduğundan, danışmaq istəmirəm.
- Belə görünür ki, mövsüm bitəndən sonra “Sivasspor”u tərk edə bilərsən?
- Uyğun məni oynatmaq istədiyini dedi. Hər halda, məni “Sivasspor”a bu mütəxəssis dəvət edib. O, transfer etdiyi futbolçunun ehtiyatda qalmasını istəməz. Sadəcə, xəstəliyim üzündən xeyli müddət hazırlıq prosesindən kənarda qalmağım da öz sözünü dedi. Baş məşqçi təlim-məşq toplanışında sınadığı futbolçulara güvənir. Mövqeyimdə çıxış edən futbolçunun uğurlu oyunu onun heyətdə yer almasına gətirib çıxarıb.
- İlk dövrədə “Beşiktaş”la “İsmət İnönü” stadionunda keçirilən görüşdə qələbə topunu vurduqdan sonra özünü sübut etdiyini demişdin. Ancaq bu iddialı çıxışından sonra işlərin heç də yaxşı getmədi...
- İlk dövrədə qol vurmaqla yanaşı, məhsuldar ötürmə verdiyim oyunlar da olub. Ancaq “Beşiktaş”a qol vurduqdan sonra oynamadım. Halbuki yenə ehtiyatda qalmağıma etiraz edərək, şans verilməsini tələb edə bilərdim. Ancaq buna ehtiyac duymadım. Danışığımla yox, oyunumla özümü göstərmək istəyirəm. Mənə şans veriləcəyi halda, özümü sübut edəcəyəm. Məhz həmin vaxt əsas heyətdə yer almağa layiq olduğumu göstərəcəyəm.
- Ancaq bu yaşında oyun praktikası qazanmağın çox vacibdir. Hazırkı durumun səni ruhdan salmır ki?
- Xeyr. Əksinə, var-gücümlə çalışıram. Hətta axşam da məşq edirəm ki, formamı itirməyim. Ümumiyyətlə, cari mövsümü uğurlu sayıram. Türkiyədə çempionluğa real namizədlərdən olan, avrokuboklara çıxmaq uğrunda mübarizə aparan komandanın heyətində yer almışam. Burada heç kimdən incikliyim yoxdur. Mənə qarşı münasibət çox yaxşıdır və Azərbaycandan gələn futbolçu kimi hörmət edirlər.
- Hər halda, fakt odur ki, 22 yaşlı futbolçu klubunda daim ehtiyatda qalır...
- Təbii ki, belə çox davam edə bilməz. Oynamaq fikrindəyəm və bu istəyimi baş məşqçiyə demişəm. O, məni anlayaraq mövsüm bitəndən sonra bu məsələnin müzakirə ediləcəyini bildirib. Uyğun mənə dedi ki, istəsən, başqa kluba keçə bilərsən. Hər halda, Türkiyədə Azərbaycandan fərqli olaraq, ehtiyatda qalan futbolçunun başqa kluba icarəyə verilməsində, oyun praktikası qazanmasında maraqlıdırlar. “Sivasspor” məni itirmək istəmir. Sadəcə, özüm klubumu dəyişə bilərəm. “Sivasspor”la hələ 2 illik müqaviləm var. Ancaq başqa klublara keçmək variantları da realdır.
- Bunlar da Türkiyədədir, yoxsa?
- Türkiyədə ikisi Superliqa, ikisi isə aşağı divizion klublarıdır. Onlar superliqaya çıxmaq uğrunda mübarizə aparırlar. Qalan ikisi Hollandiya təmsilçiləridir. Bu komandalardan birinin adını açıqlaya bilərəm. Hollandiyanın yüksək liqasında çıxış edən “Vitess” klubuna keçmək variantım var. Bu komandanın seleksiyaçıları “Sivasspor”un “Trabzonspor”la və milli komandamızın Belçika yığması ilə matçlarını izləyib, oyunumu bəyənib. Agentim gələn təkliflər üzərində işləyir.
- Agentin türkiyəlidir?
- Bəli. Ancaq “Sivasspor”un baş məşqçisi ilə işləmək istəyirəm.
- Bildiyimə görə, Bülənt Uyğun “Fənərbaxça” klubunun heyətində yer aldığın dövrdə orada menecer kimi çalışıb...
- Doğrudur. Həmin vaxtdan məni yaxşı tanıyan Bülənt Uyğun “Sivasspor”un sükanı arxasına keçəndən sonra dəvət göndərdi.
- Azərbaycana qayıtmaq haqda düşünmürsən?
- Hələlik yox. Ola bilsin ki, nə vaxtsa yenidən Azərbaycanda çıxış etdim. Hələlik bütün diqqətimi xarici klublara yönəltmişəm.
- Avropada çıxış edən Azərbaycan futbolçuları klublarında möhkəmlənə niyə bilmirlər?
- Bu, həm çempionatımızın, həm də milli komandamızın səviyyəsi ilə bağlıdır. Milli komandamız gərək yaxşı çıxış etsin ki, futbolçular da xaricdə tanınsınlar. Ancaq yığmamız zəif çıxış etdiyindən, oyunçuları da kölgədə qalırlar. Mən Azərbaycanda çempion olduğum komandanı tərk edib, xaricdə çıxış etməyi üstün tutdum. Buna görə peşman deyiləm. Hər halda, Superliqa təmsilçisində yer almışam. Burada oynamaq, heyətə düşmək, möhkəmlənmək heç də asan deyil. Türkiyədə legioner yerli futbolçudan iki baş güclü olmalıdır ki, daim əsas heyətdə yer alsın. Burada azərbaycanlı futbolçulara maraq var. Hər dəfə məndən Azərbaycanda çıxış edən oyunçuları soruşurlar. Rəşad Sadıqovla, Branimir Subaşiçlə maraqlanmışdılar. İndi də Vüqar Nadirov haqda soruşurlar. Onun Türkiyədə çıxış etməsini istəyirəm və bunun reallaşmasına çalışacağam.
- Vüqarın oyununu harada görüb, bəyəniblər?
- Milli komandanın heyətində Qazaxıstanla görüşdə. 1:1 hesabı ilə başa çatan həmin səfər matçında Vüqar yığmamızın yeganə qolunun müəllifi olmuşdu. Nadirov ölkədən kənarda çıxış etməyə layiq oyunçudur.
- Ancaq Vüqar Polşada çıxış etməyə çalışa da, buna nail olmadı...
- Burada söhbət heç də onun zəif olub bəyənilməməsi ilə yox, transfer məsələləri ilə bağlıdır. Nadirova Türkiyənin aşağı divizion klubları maraq göstərir. Sadəcə, orada legionerlərə limit var.
0