“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb
02.04.2008 - 17:36
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun AFFA-nın İcraiyyə Komitəsinə (İK) namizədliyi irəli sürülüb. Bu haqda “APA-Sport” agentliyinə klubun baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı lazımi sənədləri AFFA-ya təqdim ediblər.
Aprelin 28-də saat 10:00-da AFFA-nın inzibati binasında keçiriləcək konfransın gündəliyində duran məsələlərdən biri İK-ya üzvlərin seçilməsidir. Quruma 10 üzv – 4-ü Peşəkar Futbol Liqasından (“Neftçi”, Turan”, “Qarabağ”, “Bakı”, “İnter”, “Gənclərbirliyi”, “Karvan”, “Xəzər-Lənkəran”, “Olimpik”, “Simurq”), 2-si Regional Futbol Federasiyalarından (Şimal Regional Futbol Federasiyası, Qərb Regional Futbol Federasiyası, Mərkəz Regional Futbol Federasiyası, Naxçıvan Regional Futbol Federasiyası, Qarabağ Regional Futbol Federasiyası, Bakı Regional Futbol Federasiyası, Cənub Regional Futbol Federasiyası, Şimal-Qərb Regional Futbol Federasiyası), 2-si Sahə Futbol Federasiyalarından (Qadın Futbol Federasiyası, Futzal Federasiyası, Uşaq və Gənclər Futbol Federasiyası, Həvəskarlar Futbol Federasiyası, Çimərlik Futbol Federasiyası, Əlillər Futbol Federasiyası), 2-si isə İctimai Futbol Təşkilatlarından (Azərbaycan Futbolçular Birliyi, Futbolsevərlər Birliyi, Futbol Hakimləri Birliyi, Futbol Məşqçiləri Birliyi, Futbol Veteranları İttifaqı) seçiləcək. İK-ya hər bir namizəd yalnız bir AFFA üzvü tərəfindən konfransın keçirildiyi tarixdən ən azı 15 gün əvvəl təklif olunmalıdır.
Qeyd edək ki, “Bakı” 4 il öncə seçilən İK-da üzv kimi klubun icraçı-direktoru Yaşar Seyidovla təmsil olunsa da, sonradan onu H.Məmmədov əvəzləyib.
0