Qyoko Hacievski: “Olimpik” klubuna nümayiş etdirdiyi oyunla avrokuboklarda uğur qazanmaq çətin olacaq”
07.04.2008 - 13:05
Qyoko Hacievski: “Olimpik” klubuna nümayiş etdirdiyi oyunla avrokuboklarda uğur qazanmaq çətin olacaq”
Onun sözlərinə görə, hesabat turunda “Olimpik”ə 0:1 hesablı məğlubiyyətdən sonra rəqib komandanın baş məşqçisi Əsgər Abdullayevin mətbuat konfransına gəlməyəcəyini zənn edib: “Çünki Abdullayev mətbuat konfransına adətən köməkçisini göndərir. Bu səbəbdən də oyundan sonra jurnalistlərlə görüşə getmədim”. Ə.Abdullayevin komandasına cari mövsümdə ikinci dəfə uduzan makedoniyalı mütəxəssis hətta qol vura bilməməklərinə aydınlıq gətirib: “Böyük qüvvə ilə müdafiə olunan “Olimpik” kimi komandalara qol vurmaq çətindir. Əlimizə düşən qol imkanlarını isə reallaşdıra bilmirik. “Olimpik”ə gəlincə, onu deyə bilərəm ki, bu komanda nümayiş etdirdiyi oyunla Azərbaycanda çempion olsa da, əsas Avropada uğurlu çıxış etməkdir. Avrokuboklarda belə oyunla nəticə qazanmaq çətin olacaq”. Q.Hacievski bildirib ki, ilk dövrədə bəzi futbolçularının zəif oyunu məğlubiyyətə səbəb olmuşdusa, bu dəfə hakim səhvi öz sözünü deyib: “Qol epizodunda kapitanımız Rafael Əmirbəyova qarşı qayda pozuntusu var idi. Hətta buna görə rəqibi sarı vərəqə ilə cəzalandırmaq əvəzinə, oyunun davam etdirilməsi qapımıza vurulan qolla nəticələndi. Bu da rəqibin görüşdə yaratdığı yeganə real qol epizod oldu. “Olimpik” Fabio Luis Ramimin zərbələrini nəzərə almasaq, qapımız qarşısında ciddi təhlükəli vəziyyət yaratmadı”.
0