Ruslan Abbasov: “Ümidimizi kuboka bağlamışıq”
08.04.2008 - 14:10
Ruslan Abbasov: “Ümidimizi kuboka bağlamışıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” ilə oyunda yeganə məqsədimiz qələbə qazanmaqdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun müdafiəçisi Ruslan Abbasov deyib. 28 yaşlı arxa xətt oyunçusu ölkə kubokunda iddialı olduqlarından Azərbaycan Premyer Liqasının “Neftçi” ilə oyunundakı səhvləri buraxmayacaqlarını düşünür: “Ümidimizi kuboka bağlamışıq. Çempionatda “Neftçi”yə 0:2 hesabı ilə uduzanda müdafiədə kobud səhvlər olduğu deyilir. Amma bütün komanda səhv edirdi. Hücumçuların oyununda qüsurlar olanda arxa xəttə də gərginlik və səhvlər artır. Məşqçimiz həmin səhvlərin təkrarlanmamağı tapşırıb”. “İnter”ə flaqmandan keçən R.Abbasov karyerasında yeganə kuboku məhz “Neftçi”nin heyətində qazanıb. 2004/05 mövsümündə ölkə kubokunun ¼ finalında bu komandaların görüşündə meydandan qovulan futbolçu “Neftçi”ni azlıqda qoyub: “Neftçi”ni yaxşı tanıyaram. Amma biz də bütün fikrimizi bu oyuna yönəltmişik. Keçmiş komandama qarşı oynamağım əlavə stimul vermir. Amma rəqibin güclü olmasının özü böyük stimuldur. Səviyyəli komanda ilə qarşılaşanda məsuliyyət də böyük olur. Daha ciddi hazırlaşırsan. 3 il əvvəl mən “Neftçi”də oynayanda “İnter” qalib gəlmişdi. Yenə “İnter”in qələbə qazanmasını istəyirəm”.
0