Xaqani Məmmədov: “Neftçi”nin müdafiə xəttində zəif cəhətləri bilirəm”
08.04.2008 - 14:39
Xaqani Məmmədov: “Neftçi”nin müdafiə xəttində zəif cəhətləri bilirəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” ilə kubok oyunumuz ağır olacaq. Bu çətin sınaqdan üzüağ çıxmağa çalışacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov deyib. 32 yaşlı futbolçu bildirib ki, “Neftçi” ilə Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsində səfərdə keçirəcəkləri görüşdə heç-heçə qənaətbəxş nəticə sayılacaq: “İlk növbədə qol buraxmamağa çalışmalıyıq. Buna nail olmaqla yanaşı, imkan daxilində qol vurmaq lazımdır. Çünki kubokda rəqib meydanında vurulan qolun çəkisi böyükdür. “Neftçi”yə səfərdə qol vursaq, bu, bizim üçün böyük üstünlük olacaq”. Cari çempionatda vurduğu 14 qolla bombardirlər siyahısına “Neftçi”nin serbiyalı hücumçusu Branimir Subaşiçlə birgə başçılıq edən X.Məmmədov zədə üzündən bu komanda ilə bir ay öncəki görüşü buraxmalı olub. Bunun əvəzini sabahkı matçda çıxmaq fikrində olan hücumçu “İnter”in “Neftçi” ilə görüşdə qolsuzluq sindromuna son qoymağa çalışacaq: “Çempionatda 0:2 hesabı ilə uduzduğumuz həmin oyundan nəticə çıxartmışıq. Zədədən sonra özümü yaxşı hiss edirəm. Son illərdə “Xəzər-Lənkəran” və “Olimpik” klublarının heyətində “Neftçi”yə qol vurmuşam. “Neftçi”nin müdafiə xəttinin zəif cəhətləri var və onları bilirəm. Bundan istifadə etməklə, bir hücumçu kimi üzərimə düşən qol vurmaq vəzifəsini yerinə yetirəcəyəm”.
Qeyd edək ki, “İnter” “Neftçi”yə sonuncu qolu üç il öncə vurub.
0