Azərbaycan kubokunun ilk yarımfinal oyunlarını 11 futbolçu buraxacaq
08.04.2008 - 18:08
Azərbaycan kubokunun ilk yarımfinal oyunlarını 11 futbolçu buraxacaq
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan kuboku uğrunda sabah keçiriləcək ilk yarımfinal oyunlarını 11 futbolçu buraxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, cəza üzündən kənarda qalan yeganə oyunçu “Neftçi”nin sol cinah müdafiəçisi Elnur Allahverdiyevdir. Son turda “Masallı” ilə Lənkəranda keçirilən matçda cari mövsümdə 4-cü sarı vərəqəsini alan 25 yaşlı futbolçu “İnter”lə kubok matçında cəzalı duruma düşüb. Həmin matçda zədəli olan kapitan Zaur Tağızadə ilə bolqarıstanlı yarımmüdafiəçi Svetoslav Stefanov zədə səbəbindən kənarda qalacaq. “İnter”in yeganə itkisi Elvin Məmmədovdur. 20 yaşlı yarımmüdafiəçi olimpiya yığmasının düşərgəsindən zədəli qayıtdıqdan sonra müalicə olunur. “Qəbələ” – “Xəzər-Lənkəran” matçında qonaq komandanın kapitanı Emin Quliyevlə xeyli vaxtdır kənarda qalan braziliyalı yarımmüdafiəçi Junior Osvaldoda zədə problemi var. Milli komandada zədə alan 31 yaşlı müdafiəçi mədəsində də problem yaranıb. E.Quliyev bu səbəbdən Bakıda qalıb, müalicə kursu keçir. Rəqibi ilə müqayisədə “Qəbələ”nin heyətlə bağlı itkiləri daha ciddidir. Belə ki, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov “Xəzər-Lənkəran” ilə sabahkı görüşdə 5 futbolçunun xidmətindən məhrum olub. Yerli futbolçulardan Əli Abışov, Azər Həşimov, Camal Məmmədov, legionerlərdən Abdulkadir Özlə Abdulkadir Kamara zədəlidir. Qeyd edək ki, C.Məmmədov “Xəzər-Lənkəran” ilə son turda Qəbələdə 1:1 hesabı ilə başa çatan oyunda vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
0