Azərbaycan futbol yığmasının qapıçısı Almaniyada cərrahiyyə əməliyyatı olunacaq
09.04.2008 - 11:24
Azərbaycan futbol yığmasının qapıçısı Almaniyada cərrahiyyə əməliyyatı olunacaq
Lənkəran. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın futbol üzrə olimpiya yığmasının və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev Almaniyada cərrahiyyə əməliyyatı olunacaq. Bu haqda “APA-Sport” agentliyinə klubun həkimi Boris Xetaqurov məlumat verib. Onun sözlərinə görə, 22 yaşlı futbolçunun “Qəbələ” klubu ilə Azərbaycan kubokunun ilk yarımfinal oyunundan sonra Almaniyaya göndərilməsi nəzərdə tutulub: “Kamranın zədə ilə bağlı diz nahiyəsində ciddi problem var. Bunu aradan qaldırmaq üçün lazımi müalicə vasitələrindən istifadə etsək də, cərrahiyyə əməliyyatının olunması zəruridir. Almaniyanın Münhen şəhərindəki klinikada belə zədələrin əməliyyat olunması, tez sağalması üzrə ixtisaslaşan təcrübəli həkimlər var. Onlardan biri ilə Almaniyaya iki il öncə səfərim zamanı tanış olmuşam. Bu, Almaniya Futbol İttifaqı məni tibbi məsələlərlə bağlı keçirdiyi konqresə dəvət etdiyi zaman reallaşmışdı. Həmin cərrahla telefon söhbətimdə əməliyyatla bağlı məsələni danışıb, razılaşdırmışam”. Olimpiya yığmamızda kapitan sarğısını daşıyan K. Ağayev zədə səbəbindən İtaliya ilə martın 25-də Bakıda keçirilən Avropa çempionatının rəsmi oyununu (0:2) buraxmalı olub.
Qeyd edək ki, olimpiya yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippertin hazırlıq prosesinə cəlb etmədiyi qapıçı son oyunlarda “Xəzər-Lənkəran”ın heyətində meydana çıxır.
0