“Karvan” AFFA-nın qərarından şikayət edib
09.04.2008 - 12:01
Yevlax. Mehman Süleymanov - APA-Sport. Yevlaxın “Karvan” klubu məşqçiləri Mehman Yunusov və Nadir Şükürovla bağlı AFFA-nın Nizam-İntizam Komitəsinin çıxardığı qərardan şikayət edib. Klubun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “APA-Sport” agentliyinə qərardan narazı olduqlarını bildirib: “Nizam-İntizam Komitəsinin çıxardığı qərara əsasən, Mehman Yunusovla Nadir Şükürov 4 oyunluq cəzaya, klub isə 8000 manatlıq cəriməyə məruz qalıb. Səbəb kimi məşqçilərimizin son turda “İnter”lə “Şəfa” stadionunda keçirilən oyundan sonra Rövşən Əhmədovun başçılıq etdiyi hakimlər briqadasını ağır söyüşlərlə təhqir etməsi göstərilib. Lakin belə şey olmayıb, məşqçilərimiz bunu israrla bildirir. Necə ola bilər ki, oyundan sonra stadionda olanlar, jurnalistlərin heç biri bu söyüşləri eşitmədi? Biz matçın protokolunda hakim idarəçiliyindən narazılığımızı bildirmişik. Belə çıxır ki, Rövşən Əhmədov də “Karvan”dan əvəz çıxmaq üçün məşqçilərin hakimləri təhqir etməsini protokolda qeyd edib. Son vaxtlar digər klublarla da bağlı analoji hallar müşahidə olunur”. A. Şahgəldiyev artıq AFFA-ya rəsmi müraciət göndərdiklərini deyib. Müraciətlər AFFA-nın baş katibi Elxan Məmmədova və Nizam-İntizam Komitəsinin sədri Tofiq Fətullayevə göndərilib: “Rövşən Əhmədov nəyə əsasən protokolda belə qeydlər edib? Məşqçilərimiz hakimləri təhqir etmədiyi halda, nəyə görə 8000 manat cərimə ödəməliyik? Baş hakimin yazdıqlarını böhtan, iftira sayırıq və məsələnin araşdırılmasını istəyirik. AFFA-nın cavabından sonra Nizam-İntizam Komitəsinin haqqımızda çıxardığı qərara əməl olunması məsələsinə münasibət bildirəcəyik”.
Qeyd edək ki, qaydaya görə, Nizam-İntizam Komitəsinin qərarı ilə bağlı üç gün müddətində Apelyasiya Komitəsinə müraciət etmək olar.
Qeyd edək ki, qaydaya görə, Nizam-İntizam Komitəsinin qərarı ilə bağlı üç gün müddətində Apelyasiya Komitəsinə müraciət etmək olar.
0
0