Azərbaycan milli komandası FİFA-nın reytinqində 18 pillə geriləyib
09.04.2008 - 12:11
Azərbaycan milli komandası FİFA-nın reytinqində 18 pillə geriləyib
Yığma komandamız reytinq hesablanan müddətdə, konkret olaraq martın 26-da Litva ilə səfərdə yoldaşlıq görüşü keçirib. Vilnüsdə keçirilən həmin matçda 0:1 hesablı məğlubiyyət reytinqə öz mənfi təsirini göstərib. Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən yenə yalnız Almaniya yığması ilk “onluq”da yel alıb. Hesabında 1261 xal olan almaniyalılar əvvəlki tək 5-ci pillədə qərarlaşıb. Dörd pillə geriləyən Rusiya (851 xal) 25-ci yerə düşüb. 35-ci pillədə qalan Finlandiyanın hesabında 700 xal var. Milli komandamızın qarşıdakı seçmə mərhələdə ilk oyununu keçirəcəyi Uels bir pillə yüksəlib. Hesabında 597 xal olan uelslilər 52-ci pillədə qərarlaşıb. Yığmamızın Bakıda ilk qəbul edəcəyi Lixtenşteyn də xeyli geriləyib. Lixtenşteynlilər 230 xalla 130-cu yerə düşüb. Rəqibimiz ötən reytinqlə müqayisədə 10 pillə mövqeyini əldən versə də, milli komandamızı qabaqlayır. FİFA-nın sıralamasına yenə Argentina (1519 xal) başçılıq edir. 2-ci və 3-cü pillələrdə müvafiq olaraq Braziliya (1509 xal) və İtaliya (1309) yığmaları yer alıb.
Qeyd edək ki, 2008-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması (860 xal) 5 pillə geriləyərək, 23-cü yerə düşüb.
0