Rövnəq Abdullayev: “Berti Foqts müqavilənin məbləğini açıqlamamağı özü istəyib”
14.04.2008 - 19:30
Rövnəq Abdullayev: “Berti Foqts müqavilənin məbləğini açıqlamamağı özü istəyib”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Berti Foqtsla bağladığımız müqavilənin maliyyə tərəfi hər iki tərəfi qane etdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün milli komandamızın yeni baş məşqçisi Berti Foqtsun təqdimetmə mərasimində bildirib. O, 2010-cu ilin dekabrına qədər nəzərdə tutulan müqavilənin maliyyə tərəfini açıqlamağı məqsədəuyğun saymayıb: “Müqavilədə maliyyə məbləğinin açıqlanmaması ilə bağlı maddə var. Bu, Foqtsun öz istəyi ilə daxil edilib. Buna görə də açıqlamağı lüzum görmürük. Yalnız onu deyə bilərəm ki, yüksək məbləğ deyil. Almaniyalını buradakı şərait cəlb edir və o, burada böyük bir işin təməlini qoymaq istəyir. AFFA rəhbərliyi ilə yanaşı, futbol ictimaiyyəti, klublar, elə jurnalistlər də buna çalışmalıdır. Yığmamız dünya reytinqində 137-ci yerdə olmasına baxmayaraq, əlimizi yana salıb, iş görməmək düzgün deyil. Millimizin Foqtsun rəhbərliyi altında neçə xal qazanacağını indidən demək qeyri-mümkündür. Biz sadəcə, yığmamızın qarşıdakı seçmə mərhələdən üzüağ çıxmasını istəyirik”.
0