Asim Xudiyev: “Avstriyalı hakim Zaur Tağızadəni meydandan qovmamalı idi”
12.05.2008 - 11:58
Asim Xudiyev: “Avstriyalı hakim Zaur Tağızadəni meydandan qovmamalı idi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Avstriyalı hakim Şteffan Messnerdən iki komponentdə narazı qaldım. Bunlar fiziki hazırlıq və Zaur Tağızadəyə göstərilən vərəqə ilə bağlı idi”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Premyer Liqasının hesabat turunda “Neftçi” – “Xəzər-Lənkəran” görüşünün hakim-inspektoru Asim Xudiyev deyib. Matçı idarə edən Şteffan Messnerin idarəçiliyindən razı qalmayan 51 yaşlı beynəlxalq dərəcəli hakim-inspektorun sözlərinə görə, avstriyalı hakimin fiziki hazırlığı qeyri-qənaətbəxş idi: “Messner meydanda çox ağır görünürdü. O, iki cərimə meydanının arasında özünə yer axtarırdı. Sprint üsulundan istifadə etməyən avstriyalı hakim topdan çox, 25-30 metr aralıda olurdu. Ancaq Şteffan standard vəziyyətlər zamanı düzgün mövqe seçirdi. Ümumilikdə, avstriyalı hakimdə 4 il öncə ilə müqayisədə geriləmə müşahidə etdim. 2004-cü ildə UEFA kubokunda “Dinamo” (Belarus) – “Soşo” (Fransa) oyununda idarəçiliyə qiymət verdiyim Messner həmin vaxt daha yaxşı təsir bağışlamışdı. Görünür, hakimin yaşının artması öz təsirini göstərir”.
Z.Tağızadənin matçın 25-ci dəqiqəsində meydandan qovulmasına toxunan veteran hakim 44 yaşlı əcnəbi həmkarının çıxardığı qərarı ağır hesab edir. A.Xudiyev həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməsinə lüzum görmür: “Avstriyalı hakim Tağızadəni meydandan qovmamalı idi. Zaurun qayda pozuntusuna görə sarı vərəqə göstərməklə kifayətlənmək olardı. Çünki həmin epizodda qapı qarşısında real təhlükə yox idi. “Neftçi”nin azlıqda sonra qol vurmadığını, “Xəzər-Lənkəran”ın hələ bunadək hesabda 1:0 irəlidə olduğunu nəzərə alsaq, hakimin qərarı nəticəyə yox, matçın gedişinə təsir göstərdi. “Neftçi” də Tağızadəyə göstərilən qırmızı vərəqə ilə bağlı narazılığını oyunun protokolunda göstərib”.
Qeyd edək ki, Ş.Messner Premyer Liqamızda ilk idarəçilik edən avstriyalı hakim kimi tarixə düşüb.
0