Ağasəlim Mircavadov: “Demyanenko bizə qarşı hörmətsizlik etdi”
12.05.2008 - 14:50
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Azərbaycan Premyer Liqasının hesabat turunda “Neftçi” üzərində qazandıqları qələbəni (1:0) layiqli hesab edən 61 yaşlı mütəxəssisin sözlərinə görə, oyun zamanı psixoloji durum həlledici rol oynayıb: “Neftçi” ilə oyunlar həmişə ağır, eyni zamanda maraqlı alınır. Əslində, derbi matçlar belə də olmalıdır. “Neftçi”nin kapitanı Zaur Tağızadənin meydandan qovulmasının bizim üçün mənfi təsiri oldu. Belə ki, futbolçularımız bundan sonra sakitləşdi və arxayınlaşma nəticəsində rəqib üstünlüyü ələ keçirdi. Ancaq əks-hücumlarımız çox təhlükəli olsa da, onlardan istifadə etməməyimiz təəssüf doğurur”. “Xəzər-Lənkəran”ın çalışdırıcısı hakimlik haqda narazılığı təbii qarşılayıb: “Belə söz-söhbətlər hələ çox olacaq. Maraqlı tərəf olduğum üçün hakimlik haqda danışmağım düzgün çıxmaz. Sadəcə, avstriyalı Şteffan Messnerin sərt oynamağa imkan yaratmasını, tempi aşağı salmamağını qeyd edə bilərəm. Açığı, “Neftçi”nin futbolçularını yaxşı tanıdığımdan, çox kobud oynamaqları mənim üçün gözlənilməz oldu. Zaurun qaydanı pozarkən, aşkar kobudluq vardı və epizodun yaxınlığında olan hakim qərarını verdi”. Üç il öncə “Neftçi”nin baş məşqçisi kimi “Xəzər-Lənkəran”ı “qızıl oyun”da məğlub etməklə çempionluq qazanan A.Mircavadov sabiq klubunu yenməyin onun üçün prinsipial əhəmiyyət daşımadığını söyləyib: “Digər 13 klubdan ayırmadığım “Neftçi”yə bütün rəqiblərimiz kimi hörmət edirəm. Aydın məsələdir ki, bu komanda gözəl oyunu, bir sıra xüsusiyyətləri ilə üstündür. Həm “Neftçi”, həm də onun tanınan baş məşqçisi Anatoli Demyanenkonu məğlub etmək mənim üçün prinsipial məsələ deyildi. Sadəcə, ukraynalı məşqçi oyunsonrası mətbuat konfransına gəlməməsini pis qəbul edirəm. Bu, həm qarşı tərəfə, həm də jurnalistlərə hörmətsizlikdir”.
0
0