Georgi Nikolov: “Azərbaycan kubokunu qazanmaq haqda düşünürük”
14.05.2008 - 15:23
Georgi Nikolov: “Azərbaycan kubokunu qazanmaq haqda düşünürük”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Komandamızın Premyer Liqadakı vəziyyətini təyyarə ilə uçmağa bənzətmək olar. Necə deyərlər, hər şey sərnişindən yox, pilotun sükanı necə idarə etməsindən asılıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Komandasının Çempionlar Liqasına vəsiqə qazanmasını inandırıcı saymayan G.Nikolov bunu turnir cədvəlindəki vəziyyətlə əlaqələndirib: “Çünki lider “Olimpik”lə aramızda 5 xallıq fərq var. Finişə iki tur qalmış bu qədər fərq böyükdür. Bu mənada elə 2-ci yerdəki mövqeyimizi qoruyub, Azərbaycan kubokunu qazanmaq bizim üçün uğurlu nəticə olar. Son iki turda və “Xəzər-Lənkəran”la final matçında yaxşı çıxış etmək, Azərbaycan kubokunu qazanmaq haqda düşünürük. UEFA kubokuna vəsiqəni əldən buraxmamağa çalışacağıq”. G.Nikolov “Olimpik”in qarşıdakı turda qonağı olacaq “Xəzər-Lənkəran”ı stimullaşdırmaq fikrində olmadıqlarını bildirib: “Mən biznesmenəm. Bizə sərf edən nəticənin müqabilində hansısa komandanı stimullaşdırmaram. Üstəlik, “Xəzər-Lənkəran” kimi imkanlı klubu”.
0