Berti Foqts: “Dünya çempionatının seçmə mərhələsində bizim üçün 6 xal az, 30 xal isə çoxdur”
29.08.2008 - 13:17
Berti Foqts: “Dünya çempionatının seçmə mərhələsində bizim üçün 6 xal az, 30 xal isə çoxdur”
Almaniyalı mütəxəssis bildirib ki, avqustun 20-də İslandiya (1:1) və avqustun 27-də İranla (0:1) keçirilən yoldaşlıq görüşlərinə əsasən dünya çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşdirib: “Bəzi səhvlərimiz oldu. Yoldaşlıq matçlarında həm də bir-iki futbolçunu sınaya bildim. Seçmə oyunlara çağıracağım heyəti müəyyənləşdirib, AFFA-ya təqdim etmişəm. Ümid edirəm ki, Premyer Liqanın növbəti turunda onlardan heç biri zədələnməyəcək. Artıq sentyabrın 6-da səfərdə Uelsə qarşı keçirəcəyimiz oyun üçün start heyəti də müəyyənləşdirmişəm”. 62 yaşlı çalışdırıcı Uels milli komandasının güclü rəqib olduğunu söyləyib: “Uels yığmasının necə futbol oynadığını hamımız bilirik. Bu komandanın əsası İngiltərə Premyer Liqasının oyunçularından təşkil olunub. Əgər səhv buraxmasaq, əlimizə düşən imkanlardan yararlansaq yaxşı nəticə qazana bilərik. Mənə elə gəlir ki, Kardiffdə 90 dəqiqə mübarizə aparmağa gücümüz yetər. Hərçənd, yetirmələrim İranda yalnız 60 dəqiqə oynamağı bacardılar. Seçmə mərhələdə mümkün qədər çox xal toplamağa çalışacağıq. Bizim üçün 6 xal az, 30 xal isə çoxdur. Nəticə haqda verdiyiniz suallar heç xoşuma gəlmir. Mən yalnız Uelslə matçı düşünürəm. Bundan sonra Azərbaycan yığmasını məğlub etmək rəqiblərimizə asan başa gəlməyəcək”. B. Foqts vurğulayıb ki, Azərbaycan futbolunun əsas problemlərinin aradan qaldırılması üçün uzun zamana ehtiyac var: “Müdafiənin kobud səhvlər buraxması sürətlə bağlıdır. Beynəlxalq arenada Azərbaycan futbolçuları ilə müqayisədə daha sürətli oyun nümayiş etdirirlər. Arxa xətdə yer alanlar isə buna öyrəşməyiblər. Fikir vermisinizsə, son iki yoldaşlıq görüşündə qapımıza qollar başla vurulub. Bu, bir daha futbolçularımızın “ikinci mərtəbə”də oynaya bilmədiklərini göstərir. Məndən əvvəl 10 ilə bu problemi həll etməyi bacarmayıblarsa, 10 günə nə edə bilərəm ki? Oyunçulara ilk növbədə topa tullanmağı öyrətməliyik. Onlar rəqibə yox, topa tərəf tullanmağı bacarmalıdırlar ki, zərbə də vura bilsinlər”.
0