“Mançester Yunayted”in gənc hücumçusu Cey-Cey Qabriel gələcək karyerası ilə bağlı yüksək maliyyə tələbi irəli sürüb.
Apasport.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, oktyabrın 6-da 16 yaşı tamam olan futbolçu minimum illik 1 milyon avro maaş tələb edir.
Bu məbləğ Avropanın nəhəng klublarının onun transferi uğrunda mübarizəsində əsas maneəyə çevrilib.
16 yaşı tamam olan Qabriel artıq Avropanın istənilən klubu ilə peşəkar müqavilə imzalamaq hüququna malikdir. “Barselona”, “Real”, “Bavariya” və PSJ gənc hücumçunun vəziyyətini yaxından izləyir.
“Bavariya” daha əvvəl futbolçunun nümayəndələri ilə görüşüb. Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani Qabriellə şəxsən maraqlanır. Almaniya klubu ona əsas komandaya sürətli keçid perspektivi təklif etsə də, tələb olunan maliyyə şərtlərini qəbul etməyə hazır deyil.
İllik minimum 1 milyon avro maaş tələbinin Dortmund “Borussiya”sı və “Bayer”in də geri çəkilməsinə səbəb olduğu bildirilir. “Barselona” və “Real” isə futbolçuya marağını qoruyur.
Qabriel hazırda “Mançester Yunayted”də qeydiyyatda qalır. Lakin futbolçu və ailəsi onun əsas komandadakı rolu ilə bağlı fikir ayrılığından sonra klubdan ayrılmaq istədiklərini rəsmən bildiriblər.
Qeyd edək ki, “Mançester Yunayted” Qabrielin başqa klubla müqavilə imzalayacağı təqdirdə hüquqi addımlar atmaq imkanını nəzərdən keçirir.