“Hapoel”in (Beer-Şeva) baş məşqçisi Ran Kojuk UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, israilli mütəxəssis Bakıdakı qarşılaşmada favorit tərəfin Azərbaycan təmsilçisi olduğunu bildirib.
Kojuk matça xüsusi hazırlıq keçmədiklərini, adi qaydada çalışdıqlarını deyib:
“Bakıda olmaq bizim üçün xoşdur. Güclü komandaya qarşı oynayacağıq. Matça maksimum hazırıq. İlk görüşdə qalib gəlmişik və əldə etdiyimiz üstünlüyü qorumağa çalışacağıq. Bu matçın favoriti “Sabah”dır”.
“Hapoel”in çalışdırıcısı komandasının yalnız hesabı qorumaq barədə düşünmədiyini də vurğulayıb:
“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində çox yaxşı futbolçular var”.
Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Buxarestdə baş tutan ilk oyunda İsrail klubu 2:1 hesablı qələbə qazanıb.