Honda özünü Yaponiyaya təklif etdi: “Məni sınayın”
02.07.2026 - 16:12
Honda özünü Yaponiyaya təklif etdi: “Məni sınayın”

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Yaponiya millisinin baş məşqçisi olmaq istəyir.

Apasport.az xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Yaponiya Futbol Assosiasiyasının hazırkı baş məşqçi Hadzime Moriyasu ilə müqaviləni daha bir il uzatmaq variantına münasibət bildirib. Honda bu addımın yalnız uyğun namizəd tapılmadığı üçün atılacağı halda, özünün də qısa müddətli seçim kimi dəyərləndirilməsini istəyib.

Sabiq futbolçu millini qəbul etməyə hazır olduğunu açıqlayıb:

“Fikirlər fərqli olacaq, amma yenə də bunu demək istəyirəm. Oxudum ki, Hadzime Moriyasuya müqavilənin bir il uzadılması təklif olunub. Əgər bu, uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, onda məni bir il sınayın. Asiya Kubokunda uduzsaq, heç bir müzakirə aparmadan məni istefaya göndərin. Mən millini qəbul etməyə hazıram”.

Yaponiya millisi DÇ-2026-nın 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.

Qeyd edək ki, Keysuke Honda 2021-ci ildə “Neftçi”də çıxış edib. O, "ağ-qaralar"ın heyətində Azərbaycan çempionu olub.